BSU-da “Sülh və təhlükəsizlik: Cənubi Qafqaz yeni geosiyasi reallıqlar kontekstində” mövzusunda konfrans keçirilib
Noyabrın 18-də Bakı Slavyan Universitetinin (BSU) 80 illik yubileyi çərçivəsində BSU və Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə “Sülh və təhlükəsizlik: Cənubi Qafqaz yeni geosiyasi reallıqlar kontekstində” mövzusunda konfrans keçirilib.
Konfransın əsas məqsədi Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlar fonunda regional təhlükəsizlik, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması, postmünaqişə dövründə sülh quruculuğu, nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı və dayanıqlı sülh perspektivlərinin müzakirəsi olub.
BSU-nun Azərbaycan tarixi və multikulturalizm kafedrasının müdiri, tarix elmləri doktoru, professor Əsgər Əhmədin moderatorluğu ilə keçirilən konfransda açılış nitqi ilə çıxış edən universitetin rektoru Anar Nağıyev Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlardan, Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasındakı rolundan və Qarabağda həyata keçirilən bərpa-quruculuq işlərindən danışıb. Rektor, həmçinin BSU-nun beynəlxalq əməkdaşlıq və elmi-tədqiqat istiqamətlərində fəaliyyətinə toxunaraq konfransın əhəmiyyətini vurğulayıb.
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxış edərək Cənubi Qafqazda mövcud siyasi və təhlükəsizlik mühitini, Azərbaycan–Ermənistan sülh prosesini və regional əməkdaşlığın perspektivlərini dəyərləndirib.
Konfransın məruzələr hissəsində Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin şöbə müdiri Mətin Məmmədli “Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması: imkanlar və çətinliklər” mövzusunda çıxış edərək sülh prosesinin mövcud vəziyyətindən və qarşıda duran çağırışlardan danışıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli “Azərbaycan orta güc kimi” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan siyasi və geosiyasi əhəmiyyətindən, regional və qlobal proseslərdə mövqeyindən bəhs edib.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxışında Qarabağda ali təhsilin inkişafı, universitetin fəaliyyəti və postmünaqişə dövründə təhsilin regionun sosial-iqtisadi dirçəlişindəki əhəmiyyətinə toxunub.
Bakı Avrasiya Universitetinin rektoru Səyavuş Qasımov “Orta Dəhlizin Avrasiyanın dəyişən geosiyasi arxitekturasında rolu” mövzusunda çıxış edərək Transxəzər nəqliyyat marşrutunun strateji əhəmiyyətindən və regional əməkdaşlıq imkanlarından danışıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn “Cənubi Qafqazda davamlı sülhün iqtisadi dividendləri: nəqliyyat, enerji və ticarət inteqrasiyasının perspektivləri” mövzusunda çıxış edərək regional iqtisadi inteqrasiyanın dayanıqlı sülhə töhfələrini diqqətə çatdırıb.
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin aparıcı mütəxəssisi Fuad Abdullayev “Mədəniyyətlərarası dialoq və postmünaqişə dövründə etimadın bərpası” mövzusunda məruzə ilə çıxış edərək qarşılıqlı etimadın formalaşdırılmasında dialoqun əhəmiyyətindən bəhs edib.
BSU-nun İctimai elmlər kafedrasının müəllimi Nihat İsmayılzadə “Ədalətli müharibədən dayanıqlı sülhə: nəzəri yanaşmalar və Cənubi Qafqazda dayanıqlı sülh perspektivləri” mövzusunda çıxış edib.
Konfrans iştirakçıların mövzular ətrafında fikir mübadiləsi apardığı yekun müzakirələrlə başa çatıb.
.jpeg)


.jpeg)
.jpeg)

.jpeg)