📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“BU ADAMLARI İŞDƏN ÇIXARMAQ GÜNAHDI...” - “İdarəetmədə kosmetik dəyişikliklər etməklə problemlər həll olunmur”

2026-04-13 22:04:38

“BU ADAMLARI İŞDƏN ÇIXARMAQ GÜNAHDI...” - “İdarəetmədə kosmetik dəyişikliklər etməklə problemlər həll olunmur”

Vahid Əhmədov: “Yeni gələnlər köhnə, təcrübəli kadrları tam sıxışdırır, halbuki, həmin kadrlar dövlət sisteminin əsasını təşkil edir”

“Sahibkar böyük əziyyət çəkir, müxtəlif mərhələlərdən keçir, amma…”

“İxtisarlar elə aparılmalıdır ki, ciddi sosial problemlər yaranmasın”

İstiqlalçı millət vəkili, tanınmış ictimai-siyasi xadim, iqtisadçı alim Vahid Əhmədov “AzPolitka”ya müsahibəsində İrana qarşı ABŞ-İsrail koalisiyasının apardığı 40 günlük müharibənin nəticələri, dünya və Azərbaycan iqtisadiyyatındakı yeni tendensiyalar, sosial-iqtisadi sahədəki problemlər, onlardan çıxış yolları kimi mövzularla bağlı sualları cavablandırıb.

Müsahibəninin ikincihissəsini təqdim edirik:

(Əvvəli burada)

- Vahid müəllim, regionlarda əsas problemlərdən biri də tikintilərlə bağlı icazələrin mərkzələşdirilməsidir. İndi ən ucqar kənddə də sahibkar nəsə tikmək istəsə, gərək Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə alsın. Bu da kifayət qədər vaxt itkisi və bürokratik əngəl deməkdir…

-Mən bu barədə dəfələrlə danışmışam, hətta məsələni Milli Məclisdə də müzakirə edirdik. Əvvəla, bütün səlahiyyətlərin bir mərkəzə verilməsi, eləcə də tikinti və şəhərsalma ilə bağlı bütün səlahiyyətlərin mərkəzdə cəmləşdirilməsi düzgün deyil. Yerlərdə də səlahiyyətlər olmalıdır. Çünki regionlarda bu sahəni bilən kifayət qədər peşəkar insanlar var. Əlbəttə, aydın məsələdir ki, bunu hər şeyin bir mərkəzdən idarə olunması üçün edirlər. Çünki görürük ki, vaxtilə neft, qaz, su kəmərlərinin, kollektorların üzərində sənədsiz evlər tikilib, torpaqlar zəbt olunub və s. Harada gəldi, lazım oldu-olmadı tikintilər aparılıb. İndi Azərbaycanda təxminən beş yüz minə yaxın sənədsiz ev var.

-Bu rəqəm təkcə Bakıətrafı qəsəbələrə aidddir…

-Mən burada təkcə sıravi vətəndaşları günahlandırmıram. Bələdiyyələr faktiki olaraq torpaqları bölüb satırlar. Onlar bunu qanuni şəkildə yox, çox vaxt qeyri-rəsmi yollarla edirlər. Yəni mərkəzləşmənin səbəblərindən biri də budur.

- Bu, problemin həlli yoludurmu?

- Xeyr, bu da problemi tam həll etmir. Mərkəzləşdirilmiş formada bütün problemləri yoluna qoymaq mümkün deyil. Məsələn, kimsə öz həyətində kiçik bir tikinti aparmaq istəyirsə, gərək, gəlib mərkəzdən icazə alsın. Hətta indi həyətində adi bir hasar çəkmək istəyəndə belə gəlib soruşurlar ki, nə tikirsən, necə tikirsən və s. Ona görə də bu səlahiyyətlərin müəyyən hissəsini yerlərə vermək lazımdır. Mən dəfələrlə demişəm ki, bələdiyyələrin statusunu artırmaq lazımdır. Bələdiyyələr 1999-cu ildən fəaliyyət göstərir, artıq 27 il keçib. Amma onların fəaliyyəti əsasən torpaq satmaqdan ibarət olub. Hansı bələdiyyə yol çəkdirib? Ola bilər bir-iki nümunə var… Hansı bələdiyyə məktəb, uşaq bağçası tikdirib?

-Gərək, bələdiyyənin də gəliri, səlahiyyəti olsun…

-Demək olar ki, yoxdur. Əlbəttə, buna görə bələdiyyələri günahlandırmaq olmaz. Çünki onların səlahiyyətləri çox məhduddur, kifayət qədər imkan verilməyib. Ona görə vergilərin müəyyən hissəsini bələdiyyələrin sərəncamında saxlamaq, statuslarını gücləndirmək lazımdır.

- Vahid müəllim, hazırda icra hakimiyyətlərində kütləvi ixtisarlar aparılır, yəqin bu sahə də mərkəzləşdiriləcək…

-Bəli, icra hakimiyyətlərində ixtisarlar gedir. Amma bu ixtisarların kimə nə faydası olacaq? Bu prosesin konkret nəticəsi olmalıdır. Sadəcə strukturu dəyişməklə problem həll olunmur. Ölkədə 14 iqtisadi rayon var. Mən demişəm ki, hər iqtisadi rayona bir prezident nümayəndəsi təyin olunsun və kompakt idarəetmə sistemi qurulsun. Yoxsa, hər rayonun ayrıca icra başçısı və onun böyük aparatının olması effektiv deyil. Bunlara yenidən baxmaq lazımdır.

- İxtisarlar əsasən büdcə vəsaitlərəinə qənaət məqsədi ilə aparılır...

-Qanunvericilikdə dəyişikliklər edilməlidir. Sadəcə “qənaət edirik” deməklə iş bitmir. Qənaətin real nəticəsi olmalıdır. Son vaxtlar kadr islahatları gedir, gənclər vəzifəyə gətirilir. Mən həmişə bunun tərəfdarı olmuşam. Gənclər gəlsin, işləsin, öyrənsin. Amma bir problem var: yeni gələnlər köhnə, təcrübəli kadrları tam sıxışdırır. Halbuki həmin kadrlar dövlət sisteminin əsasını təşkil edir. Onlar idarəetməni yaxşı bilirlər. Yeni gələnlər isə bu təcrübəyə malik olmur. Ona görə də o təcrübəli insanları saxlamaq, onların biliklərindən istifadə etmək lazımdır. Yeni təyin olunan rəhbər - istər şirkət rəhbəri olsun, istər nazir həmin kadrlarla işləməlidir. Onların təcrübəsindən 5-10 il istifadə etməlidir. Sonra artıq yeni nəsil tam formalaşa bilər.

-Şəhərdə subasmalar zamanı təcrübəli kadrların yeri göründü...

-Əlbəttə, təbii fəlakətlər zamanı müəyyən hadisələr baş verə bilər. Amma bizdə problem odur ki, bu cür hallar tez-tez təkrarlanır.

Bu məsələləri birdəfəlik həll etmək lazımdır. Əgər bu qədər tikinti aparılırsa, yeni evlər, obyektlər tikilirsə, paralel olaraq şəhərin su və kanalizasiya sistemi də yenilənməlidir. Bu, planlı şəkildə həyata keçirilməlidir. Sovet dövründə, məsələn, Hövsanda böyük kanalizasiya kollektoru tikilmişdi. Amma indi baxırsan ki, həmin kollektorun üstündə evlər tikilib. Bu necə baş verib? Heç kim özbaşına gedib orada ev tikmir. Deməli, kimlərsə buna icazə verib.

Məncə, Azərbaycanda, xüsusilə Bakıda və regionlarda su və kanalizasiya sisteminə çox ciddi vəsait ayrılmalıdır. Bu, kiçik məbləğlərlə - 5-10 milyonla aradan qaldırılası problem deyil.

– Sizcə, paytaxtda yağış sularının yaratdığı fəsadlara Nazirlər Kabinetinin reaksiyası adekvat idimi?

– Azərbaycan Prezidenti məsələ ilə dərhal maraqlandı. Daha sonra Nazirlər Kabineti də prosesə qoşuldu. Məsələn, müvafiq qurumların rəhbərliyi bölgələrə getdi - Quba, Qusar və digər yerlərdə yaranmış problemlərə baxış keçirdi, vəziyyət qiymətləndirildi. Sonra icra başçıları da ərazilərə gedib vəziyyətlə tanış oldular. Daha sonra bu məsələ Nazirlər Kabineti səviyyəsində müzakirə olundu, iclaslar keçirildi. Bu cür hallarda əsas məsələ odur ki, konkret qərarlar qəbul olunsun və vəsait ayrılsın. Təbii fəlakət tamamilə ayrı bir məsələdir - bu, qaçılmazdır və onu əvvəlcədən tam proqnozlaşdırmaq mümkün deyil. Amma əsas məsələ odur ki, fəlakətdən sonra operativ tədbirlər görülsün. Zərər aradan qaldırılmalı, infrastruktur bərpa olunmalı və bunun üçün kifayət qədər vəsait ayrılmalıdır. Yuxarıda qeyd etdiyim kimi Prezidentin yanında keçirilən müşavirəni mən də diqqətlə izləmişəm. ADSEA-nın rəhbəri Zaur Mikayılovun yaranmış vəziyyətlə bağlı çıxışı tam çılpaqlığı ilə Bakı şəhərinin kanalizasiya sistemində yaranmış kritik vəziyyəti açıb göstərdi. Müsbət haldır ki, o, problemin həlli ilə bağlı öz təkliflərini də verdi.

Bakıda əsas problem kanalizasiya sistemidir. Bu məsələ köklü şəkildə həll olunmalıdır. Nə qədər vəsait tələb olunursa, ayrılmalıdır. Çünki tikinti davam edir və şəhər genişlənir. Digər tərəfdən, plansız tikinti də əlavə problemlər yaradır.

Çayların vəziyyətinə də baxmaq lazımdır. Məsələn, Qudyalçay, Vəlvələçay və digər çayların yataqları ciddi problemlərlə üzləşir. Bu çayların yataqları daraldılır, ətraf ərazilər qeyri-qanuni şəkildə istifadə olunur. Nəticədə sel gələndə yaxın kəndlər su altında qalır.

Belə məsələlərə ciddi nəzarət olunmalıdır. Bu gün tikilən bir obyektin sabah dağılıb getməsi qəbuledilməzdir. Yəni, ümumi vəziyyət bəllidir: problemlər var və onların həlli üçün daha sistemli və uzunmüddətli addımlar atılmalıdır.