"Bu an mən dahi Heydər Əliyevə diqqətlə baxdım. Ayağa durmadı. Ermənicə ona söyürdülər. Lakin..." – ELDAR SABİROĞLU YAZIR
Ermənilər üçün Heydər Əliyev böyük düşmən sayılırdı. Deyə bilərsiniz ki, ilin-günün bu vədəsində bu söhbəti gündəmə gətirməyin heç yeridirmi!!! Yeridir. Özü də bilirsiniz necə yeridir.
Xaricdəki və daxildəki soydaşlarımızın kinayəli və tərbiyə anlayışı ilə uzlaşmayan sözləri məni məcbur etdi ki, şahidi olduğum bir hadisəni qısaca danışım. 1978-ci il idi. Şərqi Ermənistanın Rusiyaya birləşməsinin 150 illiyi opera teatrında qeyd olundu. Brejnev də gəlmişdi. Sağında Heydər Əliyev, solunda Şevardnadze əyləşmişdi. Yığıncaqdan reportaj hazırlamaq üçün "Sovet Ermənistanı" qəzetinin rəhmətlik baş redaktoru Məhərrəm Bayramov məni də özü ilə oraya aparmşdı. İrandan ictimai xadim də dəvətli idi. Ona da çıxış verildi. Milliyətcə fars olan, türkləri özlərinə və ermənilərə düşmən hesab etdiyini gizlətmədən açıq şəkildə qeyd edən iranlı bu kəs çıxışını görün necə yaramaz və fitnəkar sözlərlə bitirdi: "Məni bu təntənəli toplantıya dəvət etdiyinizə görə qardaş erməni xalqına ürəkdən təşəkkürlərimi bildirirəm. Tarixdə bu iki qardaşın bir dəfə müharibəsi olub. Buna görə fars xalqı adından Sasunlu Daviddən üzr istəyirəm". Gurultulu alqışlar salonu bürüdü. Bu an mən dahi Heydər Əliyevə diqqətlə baxdım. Ayağa durmadı. Ermənicə ona söyürdülər. Lakin çırtıq vursan qanı axardı. Mən gəncliyimdən Heydər Əliyevi bu cür dəmir iradəli, millətinin keşiyində duran böyük şəxsiyyət kimi gördüm və sevdim.
Eldar SABİROĞLU,
Sabiq millət vəkili, ehtiyatda olan polkovnik