"Bu elə bir qəzadır ki, çox qolları ola bilər" - Qulu Məhərrəmli
“Adətən təyyarə, helikopter və avtomobil qəzası olanda çox müxtəlif versiyalar irəli sürülür, ehtimallar, gümanlar söylənilir. Hesab edirəm ki, qonşu İranda baş verən helikopter qəzası da bu mənada istisna deyil”.
Bunu Bakupost.Az-a açıqlamasında professor Qulu Məhərrəmli deyib.
O qeyd edib ki, bu hadisə ilə bağlı müxtəlif versiyalar var:
"Əlbəttə, ilkin növbədə uçuş nəqliyyat vasitələrində "qara qutu" var və hər şey də ona bağlı olur. Hadisənin baş vermə anları orada yazılır. O "qara qutu" tapılmayana qədər dəqiq mülahizələr, ehtimallar söyləmək çətindir. Amma bu məsələdə İranın özündəki müəyyən radikal, anti-Azərbaycan qüvvələri, Ermənistandakı müəyyən blogerlər fürsətdən istifadə edib hiss olunacaq dərəcədə İranla Azərbaycanın arasını vurmaq istəyirlər. Guya bunun İsrail tərəfindən edildiyini, Bakının vasitəsilə hansısa bir əməliyyat həyata keçirildiyini iddia edirlər. Bunlar hamısı başdan-ayağa uydurma və cəfəngiyyatdır. Buna heç kim inana bilməz. Çünki bu, elə bir hadisədir ki, çox qolları ola bilər".
Q.Məhərrəmli bildirib ki, hazırda qəza ilə bağlı texniki səbəb gündəmdədir:
"Burda sui-qəsd ehtimalından danışırlarsa, belə bir hadisə İrandan daha çox Azərbaycanın əleyhinə ola bilər. Azərbaycanın üstünə toz qondurmaq cəhdi yolverilməzdir. Çünki bütün dünya görür ki, Azərbaycan İranla çox normal münasibətlər saxlamağa çalışır. Son illərdə bu münasibətlər daha da yaxşılaşır. Münasibətlərin yüksəlişə doğru getdiyi bir dövrdə belə hadisənin baş verməsinə əlbəttə, Azərbaycan tərəfini də təəssüfləndirir. Çünki insanlar, dövləti ən yüksək səviyyədə təmsil edən vəzifə sahibləri həlak olur və bu təbii ki, ciddi təəssüf doğurur. Məncə, "qara qutu" tapılana qədər bu ehtimallar olacaq. Amma burda sui-qəsd versiyası ən axırıncı və ağıla sığmayan variantlardan biridir. Ona görə də inandırıcı görünmür”.

Vasif Əlihüseyn