📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bu, ermənilərə baha başa gələcək, əmr var ki…”- AÇIQLAMA

2022-09-12 15:57:00

“Bu, ermənilərə baha başa gələcək, əmr var ki…”- AÇIQLAMA

“Son günlərdə ermənilərin cəbhə xəttində atəşkəs rejimini pozması bir daha onu sübut edir ki, Ermənistan bölgədə sülhün deyil, gərginliyin davam etməsində maraqlıdır. Baxmayaraq ki, Ermənistan hakimiyyəti sözdə ən qısa zamanda sülh sazişinin imzalanmasına hazır olması barədə bəyanatlar versələr də, əməli  işdə bunun tam əksini nümayiş etdirirlər. Azərbaycan və Ermənistan liderlərinin 31 avqustda Brüssel görüşündən sonra  atəşkəsin pozulması davamlı xarakter alıb. Bu da onların hansısa çirkin niyyətlərini reallaşdırmağa cəhd edilməsindən xəbər verir”.

Bunu açıqlamasında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin üzvü Kamran Bayramov deyib.

Deputatın sözlərinə görə, İrəvanın son təxribatçı hərəkətləri müharibə alovunu qızışdırmağa və bölgədə böhranın yaranmasına xidmət edir. 

“Amma Ermənistan unutmamalıdır ki, bu təxribatçı fəaliyyətindən ilk acı dərsi alan özləri olacaq. Onların təxribatçı cəhdlərinin qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınıb və bundan sonra da alınacaq. Bütün çirkin niyyətləri iflasa uğrayacaq. Artıq Azərbaycan müdafiə naziri Zakir Həsənovun da bununla bağlı müvafiq tapşırığı var”.

Deputat hesab edir ki, İrəvanın destruktiv mövqeyi ilk növbədə  Ermənistanı daha da çıxılmaz dalana  və yeni-yeni böhranlara sürükləyir: “Bu gün  Ermənistanın Azərbaycan torpaqlarında hər hansı təxribat törətmək  iqtidarında deyil.  Onların istənilən revanşist  və təxribatçı əməlləri Azərbaycan ordusu tərəfindən həmin andaca alınacaq və  hər zaman olduğu kimi dəmir yumruğu ənsələrində hiss edəcəklər. Buna heç bir şübhələri olmasın. Bu onlara çox baha başa gələcək”.

Deputatın fikrincə, İrəvanın sülh sazişini imzalamağa maraq göstərməməsi, vaxt qazanmaq niyyəti ilk növbədə onların öz maraqlarına ziyandır: “Azərbaycan qalib ölkə olaraq sülh şərtlərini diktə edən tərəfdir və şərtlər vaxt uzadılmasından asılı olmayaraq qəbul ediləcək. Azərbaycanın təklif etdiyi Zəngəzur dəhlizi də açılacaq. Amma bu sülh sazişi nə qədər tez imzalanarsa, bundan qazanan tərəf Ermənistan olacaq. Ermənistan üzləşdiyi təcriddən çıxamaqla bölgə ölkələri ilə normal münasibətlər qurub, əməkdaşlığa başlayacaq. Bu da onların uzun müddət üzləşdiyi böhrandan çıxıb sabit inkişaf yoluna qədəm qoymasına geniş imkanlar açacaq. Əks təqdirdə, İrəvanın destruktiv mövqe sərgiləməsi, Azərbaycan tərəfinin Ermənistana, xüsusən də Zəngəzura ərazi iddiası ilə çıxış etməsinə zəmin yaradacaq”.

olke.az