📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bu gün Böyük Qayıdış uğurla reallaşmaqdadır”.

2026-11-07 18:16:31

“Bu gün Böyük Qayıdış uğurla reallaşmaqdadır”.

“30 ilə yaxın davam edən işğal zamanı ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış Qarabağ və Şərqi Zəngəzur hazırda dirçəliş və yüksəliş dövrünü yaşayır. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, orada layiqli şəkildə yaşaması üçün genişmiqyaslı tədbirlər görülür. Bu gün Böyük Qayıdış uğurla reallaşmaqdadır”.

Hurriyyet.net  xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, yeni strateji mərhələdə Azərbaycan dövlətinin gündəliyində dayanan əsas məsələlərdən biri  işğaldan azad edilən ərazilərə Böyük Qayıdışın təmin olunmasıdır. Hazırda güclü Azərbaycan dövləti keçmiş  məcburi köçkünlərin işğaldan azad olunan ərazilərə Böyük Qayıdışını layiqli şəkildə təmin etmək əzmi nümayiş etdirir. Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Böyük Qayıdış” üzrə strateji çərçivə müəyyənləşdirilib. Sənədə əsasən əhalinin dayanıqlı məskunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir, keçmiş məcburi köçkünlər mərhələli şəkildə doğma yurdlarında məskunlaşırlar. İşğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işlərinin həyata keçirilməsi, şəhər və kəndlərin yenidən qurulması, “ağıllı kənd” və yaşayış məhəllələrinin salınması, infrastruktur layihələrinin icrası, istehsal və digər iqtisadi obyektlərin yaradılması keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qayıdışına və əzəli torpaqlarımızda layiqli yaşayışına hesablanıb. Hər iki iqtisadi rayonda aparılan tikinti-quruculuq işlərinin nəticəsidir ki, həm Şərqi Zəngəzura, həm də Qarabağa Böyük Qayıdış möhtəşəmdir. Böyük Qayıdış Proqramına uyğun olaraq, 2022-ci ildə Zəngilanın Ağalı kəndinə başlanan köç prosesi hazırda azad olunmuş digər ərazilərdə uğurla davam edir. 30 ildən artıq məcburi köçkünlük həyatı yaşayan soydaşlarımız böyük sevinc və qürur hissi ilə doğma yurd-yuvalarında məskunlaşırlar.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura səfər edərək görülən işlərlə şəxsən tanış olurlar. Dövlət başçısının və birinci xanımın azad olunmuş ərazilərimizə budəfəki səfərləri də yeni açılışlarla müşayiət olundu. Belə ki, Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin, Zəngilanda  Şəhər Təhsil Kompleksinin açılışı olub. eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinin birinci mərhələsinin açılışında iştirak edib, həmin kəndlərə köçən sakinlərlə görüşüblər. Prezident İlham Əliyev sakinlərə mənzillərin açarlarını təqdim edib. Dövlət başçısı sakinlərlə səmimi söhbətində torpaqlarımızın işğaldan azasd olunmasından, Zəfər Günün əhəmiyyətindən, Böyük Qayıdış proqramından bəhs edib. Prezident onu da qeyd edib ki, Zəngəzur dəhlizi açılandan sonra bu bölgə daha da inkişaf edəcək.

Eyni zamanda, səfər zamanı Şuşada, Xankəndi şəhərində, Qarabağ Universitetində bir sıra açılışlar gerçəkləşib. Xankəndi şəhər stadionunun açılışı isə burada futbolun da inkişafına öz töhfəsini verəcək. Eləcə də, Ağdamda görülən işlər Qarabağın gələcək inkişafında mühüm rol oynayacaq.

Samir Vəliyev qeyd edib ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, doğma yurdlarına köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, onminlərlə insan yaşayır.

“Göründüyü kimi, işğaldan azad olunmuş ərazilərimizin ən yüksək səviyyədə bərpası üçün dövlətimiz siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək. Eyni zamanda, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu azad olunmuş ərazilərdə tarixi, mədəni və dini abidələrimizin bərpası istiqamətində böyük işlər görür. Həmin ərazilər yalnız keçmiş köçkünlərin qayıdışı ilə məhdudlaşmır, həm də dünyanın diqqət mərkəzindədir. Azad edilmiş şəhərlərdə nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi buna sübutdur. Bütün bunlar isə çox qürurvericidir” – deyə, deputat vurğulayıb.