📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu gün İstanbulda Türk Şurasının 8-ci sammiti keçiriləcək 

2021-11-12 10:59:00

Bu gün İstanbulda Türk Şurasının 8-ci sammiti keçiriləcək 

Hurriyyet.az xəbər verir ki, bu gün türk dünyasının liderləri Türk Şurasında görüşəcəklər. Türk dünyası üçün mühüm olan tədbirdə iştirak eləmək üçün Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə gedib.

Türk Şurasının 8-ci sammiti bu gün İstanbulda keçiriləcək. Sammitdə Türk Şurasının adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılacağı planlaşdırılır. Sammit veriləcək qərarlarla yanaşı, keçiriləcək yeri ilə də diqqəti cəlb edib. Sammit Demokratiya və Azadlıqlar adasında (Demokrasi ve Özgürlükler Adası) keçiriləcək. Mərmərə dənizində, İstanbuldan cənub-şərqdə yerləşən Demokratiya və Azadlıqlar adasının bir adı da “Yassıada”dır (“yastı ada” mənasını verir). Bərpa və təmir işlərinin ardından yenilənən adada ilk dəfə beynəlxalq səviyyəli tədbir keçiriləcək.

Sammitdə qlobal diplomatiyada balansı dəyişəcək mühüm qərarlar müzakirəyə çıxarılacaq.

Türk Şurasının Dövlət Başçılarının 8-ci Sammitindən əvvəl nazirlərin iclası keçirilib.

Şuranın adı dəyişir

İstanbulda keçirilən Türk Şurası sammitinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib. 

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu sammitdə Türk Şurasının adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılacağını bildirərək deyib: “Türk dünyası 2040 planını qəbul edəcəyik. Çünki köklərimiz ortaqdırsa, gələcək planlarımızın da ortaq olması lazımdır”.

Türk dünyasının müştərək təşkilatının qlobal markaya çevrildiyini ifadə edən Çavuşoğlu deyib: “Bu uğur hamımıza məxsusdur. İndi dəyişən dünya ilə uyğunlaşmaq üçün mühüm transformasiya ərəfəsindəyik. Biz eyni kökdən qidalanan nəhəng ağacın müxtəlif budaqları olduğumuzu unutmayaraq gücümüzü birləşdirdikcə, beynəlxalq gücümüz də artacaq. Əcdadımızın yurdu olan Asiya dünya siyasətinin mühüm mərkəzinə çevrilib. Bu səbəblə də Türk Şurasının əhəmiyyəti və öhdəlikləri artıb. Sabah keçiriləcək zirvə toplantısında tarixi qərarlar qəbul ediləcək. İlk növbədə, qardaş Türkmənistanın müşahidəçi statusunda iştirakı ilə bu il ailə şəklimiz tamamlanacaq. Əziz qardaşım, Türkmənistanın xarici işlər naziri Raşit Meredovun timsalında Türkmənistanı salamlayır və “xoş gəldin” deyirəm. İkincisi isə Ailə məclisimizin adını “Türk Dövlətləri Təşkilatı” olaraq dəyişəcəyik”.

Prezident Ərdoğan rəhbərlik edəcək

8-ci dəfə keçiriləcək sammitə Prezident R.T.Ərdoğan başçılıq edəcək.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan prezidentləri ilə yanaşı, sammitdə Macarıstanın Baş naziri Viktor Orban da iştirak edəcək. Türkmənistan da təşkilata müşahidəçi üzv kimi qəbul ediləcək.

Hürr Tərcüman