"Bu gün radikal islamın qarşısını kəsə biləcək cərəyan "sol" ola bilər" - NATİQ CƏFƏRLİ
"Hətta Əfqanıstan timsalında da tarixə baxanda görürük ki, "sol" hökumət daha ciddi nailiyyətlər qazanmışdı, sadəcə zaman çatmadı ki, bunu kəndə-kəsəyə də yaya bilsin"
"Latın Amerikasında "solun", hətta "radikal solun" populyar olmasının səbəbi ABŞ-ın coğrafi, siyasi və iqtisadi yaxınlığı idi. Anti-imperialist şüarlar, tezislər populyarlıq qazanırdı, insanların kasıb, hüquqsuz yaşamalarının günahını ABŞ-a yükləyirdilər və burada böyük həqiqət payı var idi". Hurriyyet.az xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərliyə məxsusdur.
Politoloq hesab edir ki, Latın Amerikasının katolik kimliyi də "solu" populyarlaşdırırdı: "Çünki "solun" dili elə dini ayinlər kimi idi, amma daha aydın, daha rasional səslənirdi, ədalət, bərabərlik, qardaşlıq - bütün bunlar dinlərdə də var. Lakin "sol" daha cəlbedici dillə xitab edirdi, daha müasir səslənirdi. Bu gün radikal islamın qarşısını kəsə biləcək, onunla rəqabət apara biləcək cərəyan da "sol" ola bilər. Sadəcə çətinlik odur ki, "sol" daha təhsilli cəmiyyətlərdə önə çıxa bilər. Hətta Əfqanıstan timsalında da tarixə baxanda görürük ki, "sol" hökumət daha ciddi nailiyyətlər qazanmışdı, sadəcə zaman çatmadı ki, bunu kəndə-kəsəyə də yaya bilsin".
REAL-ın icra katibinin sözlərinə görə, bu gün Əfqanıstanda baş verənlər təhsilsizliyin faciəsidir: "Tarixin ironiası da odur ki, "Taliban" məhz "Tələbə" deməkdir. Belə, ideoloji olaraq, əsas da iqtisadi baxışları oturuşmuş "sağ-mərkəzçi" biri olaraq "sol" haqqında düşüncələrimi bölüşdüm və "solun" vacib bir institut, dünyada rasional dəngə yarada biləcək cərəyan olduğundan əminəm".
Vazeh BƏHRAMOĞLU, Hurriyyet.az