📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bu gün Ukrayna əhalisi öz yolunu seçir, bu isə Kremli qəzəbləndirir" - NATİQ CƏFƏRLİ

2022-03-10 13:34:00

"Planları bu idi ki, Rusiya ordusu şərqi Ukraynaya daxil olan kimi əhalinin böyük əksəriyyəti onları xoş qarşılayacaq, müharibədən qaçan yüzminlərlə ukraynalılar isə Rusiyaya gedəcək, Kreml də bundan istifadə edib şou düzəldəcək"

"Rusiyanın Ukraynaya təcavüzü, işğal cəhdinin vacib nəticəsi Ukraynanın, bu ölkəni, xalqını Moskva tərəfindən birdəfəlik itirilməsi ilə nəticələnəcək. Ukrayna xalqı bu gün tək döyüş meydanında öz seçimini etmir, həm də “ayaqları” ilə də öz yolunu, yönümünü seçir. Ukraynanın şərqindən, Xarkovdan, Sumıdan (şərqi Ukraynada ən şiddətli döyüşlərin getdiyi bölgələrdir, Kreml o bölgələri “rusdilli”, “Rusiyaya meyilli” kimi görürdü, hətta Rusiya ordusunu oralarda gül-çiçəklə qarşılanacağına inanırdı) ölkənin Qərbinə, Lvov şəhərinə 1033 km, Avropa Birliyinin sərhədinə isə 1100 km-dən də çox məsafə var, həmin şəhərlərdən, məsələn, Xarkovdan Rusiya sərhədinə yol isə cəmi 38 km-dir, hətta piyada da getmək olar. Amma Xarkovlular 1000 km-dən çox məsafəni zülmlə, bombalar və təhlükələr altında qət edib Lvova, Avropa Birliyinə üz tuturlar". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

Politoloq qeyd edib ki, artıq Ukraynanın şərqini 4 mln. nəfər Ukrayna vətəndaşı tərk edib, onlardan 1,5 mln. nəfərdən çoxu AB ölkələrinə keçib (ümumən 2 mln. ukraynalılar AB ölkələrinə keçib, onlardan 1,5 mln. dan çoxu məhz Xarkov və şərqi Ukraynadandır), yerdə qalanlar da Ukraynanın qərbində, Moskvanın “benderlərin məkanı” saydığı şəhərlərə köçüb: "Yəni, bu gün Ukrayna əhalisi əsl “referendum” keçirir, öz yolunu-izini seçir, məhz bu Kremli qəzəbləndirir. Planları bu idi ki, Rusiya ordusu şərqi Ukraynaya daxil olan kimi əhalinin böyük əksəriyyəti onları xoş qarşılayacaq, müharibədən qaçan yüzminlərlə ukraynalılar isə Rusiyaya gedəcək, Kreml də bundan istifadə edib şou düzəldəcək, dünyaya, “ukraynalılar “faşistlərdən”, “benderlərdən” qaçıb Rusiyay sığınır”, mesajı verəcəkdilər. Alınmadı".

REAL-ın icra katibi əlavə edib ki, Ukrayna xalqı Rusiyanı seçmədi və bu gün Xarkovun, Sumının vəhşicəsinə bombalanması da məhz bunun qəzəbidir.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az