BU GÜN VÜQAR MƏMMƏDOVUN MƏHKƏMƏ PROSESİ KEÇİRİLƏCƏK – Məhkəmə gününün irəli çəkilməsi nə ilə bağlıdır?
Xəbər verdiyimiz kimi, 27 iyul tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində "Hürriyyət" qəzetinin və Hurriyyet TV-nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) növbəti məhkəmə prosesi baş tutdu. İclasın sonunda növbəti prosesin avqustun 12-də baş tutacağı elan olundu. Lakin bir gün sonra – 28 iyul tarixində baş redaktorun məhkəmə tarixi qabağa çəkildi.
Hurriyyet.media-nın məlumatına görə, həmin gün Bakı Ağır Cinayətlər Məhkəməsindən Vüqar Məmmədovun vəkilinə zəng olunaraq, baş redaktorun məhkəmə prosesinin 9 gün irəli çəkildiyi və avqustun 3-də baş tutacağı haqda məlumat verilib.
Beləliklə, bu gün – 03.08.2026-cı il tarixində saat 14:00-da “Hürriyyət”in baş redaktorunun növbəti məhkəmə prosesi keçiriləcək.
Bəs, V.Məmmədovun məhkəməsə hansı səbəblərdən 9 gün qabağa çəkilib? Maraqlıdır ki, bu haqda baş redaktorun vəkilinə və yaxınlarına heç bir səbəb deyilməyib.
Bununla belə, güman olunur ki, məhkəmə prosesinin əvvələ çəkilməsi Vüqar Məmmədovun səhhətində yaranmış problemlərlə əlaqədardır. Hətta yaxınları ümid edir ki, onun sağlıq durumunun kritik vəziyyətdə olduğunu nəzərə alana məhkəmə heyəti baş redaktoru ev həbsinə də göndərə bilər.
Hər halda, bu və digər sualların cavabını bu gün saat 14:00-da keçiriləcək məhkəmə prosesi zamanı aydınlaşdıra biləcəyik. Bizi izləyin.
Jalə FAMİLQIZI
Hurriyyet.media