“Bu, İlham Məmmədov tərəfindən hakimiyyətə qarşı törədilmiş təxribatdır”
Kəmalə Abdullayeva: “Həyat yoldaşım İlham Məmmədovun İlqar Əliyevin adından verdiyi sifariş əsasında həbs edilmişdir”
“Mən, ailəm, balalarım İlham Məmmədov tərəfindən zərər çəkmişik. Ona görə də Sizlərdən xahiş edirəm. Mənim İlham Məmmədovla bağlı, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən dindirilməyimə və zərərçəkmiş şəxs qismində tanınmağıma göstəriş verəsiniz”
Bakı şəhər sakini, Yasamal rayon Polis İdarəsinin İnzibati Binasında (Əbdülvahab Salamzadə 5) qeydiyyatda olan Abdullayeva Kəmalə Balaş qızı tərəfindən “Hürriyyət”in redaksiyasına növbəti şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!
10 ildən artıq müddətdir ki, əlim göyə tutub Allahı çağırıram və Sizlərə müraciət edirəm.
Allahımı çağırırdım ki, ey yeri-göyü xəlq eyləyən, ey yeri-göyü vücuda gətirən, ey haqqı-nahaqqa verməyən, ey hər şeydən agah olan, ey hər bir şeyi görən, eşidən və bilən, ey mehriban və bağışlayan Allahım, eşit səsimizi...
Ana-atamın mənə və nəvələrinə verdiyi bir tək yaşadığımız evi İlham Məmmədov əlimizdən aldı, körpə balalarımla məni küçələrə atdırdı, balalarımı qan-bağır etdirdi, ailənin başçısını, bu körpələrin atasını zindana atdırdı, balalarımı hədə-qorxu içində saxlatdırdı, əl-açdıq küçələrdə diləndik, nədir günahımız?! Məni, balalarımı bu günə salanı, mənə balalarıma bu zülmü-zilləti verəni, həyat yoldaşımı zindana saldıranı, bu körpələri gözüyaşlı qoyanı Sənə tapşırıram, ey Allahım, Sən hər şeyə qadirsən, tezliklə öz möcüzəni göstər!
Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!
And olsun Allahın böyüklüyünə Allah mənim və balalarımın səsini eşitdi və öz möcüzəsini görsətdi. Haqq-ədalət gec də olsa öz yerini tapdı...
İlham Məmmədov tərəfindən terrora məruz qalmış -zərərçəkmiş yüzlərlə ailələrdən biri də bizik. Belə ki, həyat yoldaşımı qondarma-quraşdırma ittihamlarla şərlətdirərək zindana atdıran, atamın-anamın mənə, nəvələrinə hədiyyə etdiyi evimizi əlimizdən alan, qarda-boranda 3 körpə balalarımla məni evimdən çıxarıb küçələrə atdıran, balalarımı gözüyaşlı bir qarın yavan çörək üzünə həsrət qoyan, Allahdan qorxmayan, qanundan qorxmayan, yediyi çörəyə xəyanət edən, Prezidentin qohum-əqrabasının adına qara ləkə salan, son nəticədə Allahın qəzəbinə tuş gələn, RİYAD ŞİRKƏTLƏR QURUPUNUN rəhbəri İlham Məmmədov Allahın izni və şəxsən Sizlərin göstərişi əsasında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilmişdir. Hazırda İlham Məmmədovun barəsində araşdırmalar aparılmaqdadır.
Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!
Bir daha bildirirəm ki, İlham Məmmədovun qondarma-quraşdırma yolları ilə mənim evim guya 205 000 manata, bağ evim 25 000 manata satılmışdır! Satışdan əldə edilən 205 000 manat və 25 000 manat pul ayrı-ayrılıqda guya İlqar Əliyevə verilmişdir. Halbuki, 10 ildən artıq bir müddətdir yazırıq ki, biz-ailəmiz bu saxta yalanlara inanmırıq. Mənim nə evimə, nə evimin 205 000 manat puluna, nə bağ evimə, nə bağ evimin 25 000 manat puluna İlqar Əliyevin ehtiyacı yoxdur. Ümumiyyətlə, bu işlərdən İlqar Əliyevin xəbəri yoxdur. Bu, İlham Məmmədov tərəfindən bilərəkdən İlqar Əliyevin adına-ünvanına yaxılan ləkədir. Bu, İlham Məmmədov tərəfindən bilərəkdən Əliyevlərə, hakimiyyətə qarşı törədilmiş təxribatdır.
10 ildir bildirirəm ki, mən və ailəm, övladlarım dövlətini, millətini, vətənini sevən insanlarıq. Ailəmə, övladlarıma bu ruhda tərbiyə verən bir anayam. Öz sağlam təfəkkürümüzün, düşüncəmizin, aldığımız tərbiyənin hesabına oxumuşuq, işləmişik, ailəmizi-balalarımızı saxlamışıq, beləcə də öz tükümüzün üstündə yaşamışıq. Həmişə haqqın yanında olmuşuq.
Həyat yoldaşım İlham Məmmədovun İlqar Əliyevin adından verdiyi sifarişi əsasında həbs edilmişdir.
Həyat yoldaşımı İlham Məmmədovun sifarişi əsasında 12 il azadlıqdan məhrum edilmişdir. İlham Məmmədov ailəmi, uşaqlarımı məni susdurmaq üçün bizə ağlasığmaz basqılar etdirmişdir.
Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!
Həyatın acısını daddığımız kimi, şirinini də dadmağı Allah bizə nəsib elədi. 9 il 09 aydan sonra 18.03.2021-ci ildə dövlət başçısının fərmanı ilə həyat yoldaşım İlham Məmmədovun girovluğundan azad edilmişdir. Buna görə də ailəm adından və öz adımdan həyat yoldaşımın azadlığa çıxmağında əli olan hər bir kəsə cənab Prezidentə, Sizlərə dəfələrlə minnətdarlığımızı bildirmişəm. Buna da Şükürlər olsun demişik.
İlham Məmmədovun sifarişi əsasında həyat yoldaşımı neçə illər girovluqda saxlatsalar da, əziyyətlər versələr də, mənə, ailəmə-uşaqlarıma təzyiqlər etsələr də, bir tək yaşadığımız evimizi, bağımızı qanunsuz əlimizdən alsalar da, küçələrdə -kirayələrdə yaşasaq da əqidəmizdən dönməmişik. Biz dövlətimizin, Prezidentimizin yanındayıq.
Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!
Mən, ailəm-övladlarım bu sözləri bu gün demirik, bu sözləri 10 ildən artıqdır ki, deyirik. 10 ildir Sizlərə müraciət edirik.
Nəhayət, göydə Allah, yedə Sizlər biz məzlumlarını səsini eşitdiniz. Haqq-ədalət gecdə olsa öz yerini tapdı. İlham Məmmədov DTX tərəfindən həbs edilmişdir.
Mən, ailəm, balalarım İlham Məmmədov tərəfindən zərər çəkmişik. Ona görə də Sizlərdən xahiş edirəm. Mənim İlham Məmmədovla bağlı, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən dindirilməyimə və zərərçəkmiş şəxs qismində tanınmağıma göstəriş verəsiniz. Qabaqcaqdan minnətdarlığımızı bildirirəm”.
Hazırladı: RƏŞAD
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.