📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu işıqforda əlillər üçün nəzərdə tutulan səs siqnalları işləmir - VİDEO

2026-08-10 14:11:15

Bu işıqforda əlillər üçün nəzərdə tutulan səs siqnalları işləmir - VİDEO

Xətai rayonu, İlqar Zülfüqarov küçəsindəki işıqforda əlillər üçün nəzərdə tutulan səs siqnalları işləmir.

Bu barədə “Xəzər Xəbər”ə 3-cü qrup əlil Şəhriyar Manafov məlumat verib.

Onun sözlərinə görə, Xətai rayonu, İlqar Zülfüqarov küçəsindəki işıqforda yaranan problem iki ildir davam edir və xüsusilə görmə məhdudiyyətli şəxslərin yoldan təhlükəsiz keçməsinə mane olur.

Hurriyyet.Media -nın  məlumatına görə, şikayətçi bildirir ki, işıqforlarda piyadalar üçün nəzərdə tutulan səs siqnalının işləməməsi görmə məhdudiyyətli şəxslər üçün ciddi çətinlik yaradır. İşıqforun yaşıl və ya qırmızı işıq göstərdiyini səs siqnalı vasitəsilə müəyyənləşdirmək mümkün olmadığından yolu keçmək riskli olur.

O, aidiyyəti qurumların məsələni araşdırmasını və işləməyən səs siqnallarının bərpa olunmasını istəyir.

Problemlə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Xəzər Xəbər”ə bildirildi ki, qeyd olunan ərazidə işıqforların səsli xəbərdarlıq qurğularının kabel-kommunikasiya xətlərinin yenilənməsi ilə bağlı işlərin həyata keçirilməsi nəzərdə tutulur. Ərazidə qazıntı işlərinin aparılması üçün aidiyyəti qurumla müvafiq razılıq əldə olunub. Yenilənmə işlərinə yaxın günlərdə başlanılması planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.