📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu məktəbdə geyimlə bağlı qərara nəzarət olunur - Fotolar

2026-10-12 16:25:11

Bu məktəbdə geyimlə bağlı qərara nəzarət olunur - Fotolar

“Vahid geyim uşaqlar arasında fərqlərin ön plana çıxmasının qarşısını almağa, məktəblilərdə məsuliyyət və kollektivə aidlik hissini formalaşdırmağa kömək edir”.

Hurriyyet.net  xəbər verir ki, bunu “Report”a övladları Bakı şəhəri 53 nömrəli tam orta məktəbin 9 və 11-ci sinfində oxuyan valideyn Rövşən İbrahimli deyib.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılıb. Monitorinqlər zamanı geyim qaydalarının icrası vəziyyətinin yoxlanılması nəzərdə tutulub. Həmçinin vurğulanıb ki, şagirdlərin müəyyən olunmuş məktəbli formasında dərsə davamiyyətini təmin etmək valideynlərin birbaşa məsuliyyətidir.

R. İbrahimli qeyd edib ki, vahid məktəbli geyimi həmrəylik və nizam-intizamın göstəricisidir: “Bu yanaşma şagirdlərin diqqətini zahiri görünüşdən çox təhsilə yönəldir”.

Adıçəkilən məktəbdə dərs günü başlayan zaman orada olan sayt əməkdaşları dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı qərarın icrasına nəzarət olunduğunun şahidi olub. Qeyd etmək lazımdır ki, dərsə gələn məktəblilərin əksəriyyəti vahid geyim forma qaydasına riayət ediblər. Məktəbdə müəyyən edilmiş geyim tələblərinə uyğun gəlməyən şagirdlərə və onların valideynlərinə müvafiq qaydalar izah edilib.

Xatırladaq ki, Baş nazir Əli Əsədov sentyabrın 21-də “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb. Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir. Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir. Eyni zamanda, valideynlər və ya digər qanuni nümayəndələr övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etməlidirlər.