Bu müzakirələr müharibə bitəndən dərhal sonra başlamalı idi...
Mətbuatdakı ilk yazım populyar “Avrasiya” qəzetində dərc olunmuşdu. Başlığını indi də xatırlayıram: “Azərbaycanda milli ideologiya”. Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin üçüncü kurs tələbəsi idim, sevincim yerə-göyə sığmırdı.
90-ların qəzetçiliyində bir mövzuda iki-üç müəllifin məqaləsinin dərc olunması maraqlı ənənə idi. “Avrasiya”nın baş redaktoru İrfan Sapmaz qəzetin həmin sayında eyni mövzuda BDU-nun Filologiya fakültəsinin dekanı (hazırda akademik) Nizami Cəfərovla yanaşı, mənim də məqaləmi çap etmişdi. Nizami müəllim o dövrün tələbələri arasında çox məşhur idi. Bu isə onun həmişə tələbələrin haqlarını qorumasından qaynaqlanırdı. Digər fakültələrdə təhsil alanların əksəriyyəti “kaş bizim də dekanımız belə olaydı” arzusu ilə dərsə gəlirdi.
İlk məqaləmin dərcindən bir neçə gün sonra Filologiya fakültəsinin məşhur eyvanında Nizami Cəfərovu gördüm. Yaxınlaşıb fakültəmi və özümü təqdim etdim, sonra məqaləsi barədə fikirlərimi bölüşdüm. O isə bu mövzunun niyə diqqətimi cəlb etməsi ilə maraqlandı, mən də dünyanı dəyişmək iddiasında olan gənclik ədası ilə eyni mövzuda digər məqalənin müəllifi olduğumu söylədim. Nizami müəllim məni başdan-ayağa, ayaqdan-başa süzdükdən sonra soruşdu:
- O məqaləni sən yazmısan?
- Bəli.
- Mən oxuyanda elə bildim ki, onu yazan ağsaqqal kişidir.
İndi üzərindən 30 il keçdikdən sonra ağsaqqal sayılıb-sayılmadığımı bilmirəm, amma surəti hazırda məndə qalmayan ilk məqaləmdəki fikirlərimi indi də xatırlayıram. Orada bayrağımızda əks olunan rənglərin harmoniyasını milli ideologiyamızın əsasları kimi qəbul etməyin tərəfdarı olduğumu bildirmişdim. Bəri başdan deyim ki, Azərbaycanda milli ideologiya mövzusunda fikirlərim çox da dəyişməyib.
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışından sonra Azərbaycanda milli ideologiya mövzusu ətrafında müzakirələr yenidən aktuallaşıb. Prezident həmin çıxışında belə demişdi: “Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün qələbəmizin rəmzi olan “dəmir yumruq” kimi vuruşdular”.
Bəs azərbaycançılıq nədir? Bu sualın konkret cavabı olmasa da, ümumi olaraq söyləmək olar ki, azərbaycançılıq müstəqil və suveren Azərbaycanın dövlətçiliyini, milli maraqlarını, vətəndaş həmrəyliyini və mədəni kimliyini önə çəkən milli ideologiya və ictimai-siyasi dünyagörüşüdür.
Ümumiyyətlə, Gülüstan və Türkmənçay müqavilələrindən sonra dövlətçilik atributları ləğv olunan Araz çayından şimaldakı Azərbaycan torpaqlarında milli ideologiya ilə bağlı zaman-zaman maraqlı müzakirələr gedib. Azərbaycan tarixçiləri arasında ümumi qəbul olunmuş fikir bundan ibarətdir ki, Quzey Azərbaycanda millətin adı ilə bağlı müzakirələr Ünsizadə qardaşları tərəfindən nəşr olunan “Kəşkül” qəzetinin 16 noyabr 1890-cı il tarixli sayında dərc olunan “Avam gəzmək - yuxu yatmaqmı dedin?” adlı məqalə ilə başlayıb. Bu məqaləni azərbaycançılıq ideyası mövzusunda ilk ictimai müzakirə kimi də qəbul etmək olar.
Bu müzakirələrin kulminasiyası olaraq 1918-ci il mayın 28-də tarixdə ilk dəfə olaraq Azərbaycan adlı dövlət – Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb, bu dövlətin üçrəngli bayrağı qəbul edilib. Başqa sözlə, çar Rusiyasının tərkibinə müsəlman kimi daxil olan Quzey Azərbaycan əhalisi, sonradan görəcəyimiz kimi, imperiyanın dağılması prosesindən azərbaycanlı və ya Azərbaycan türkləri kimi çıxıb. Burada bir haşiyə çıxmağa ehtiyac var ki, Cümhuriyyəti təkcə etnik çoxluq olan Azərbaycan türkləri yox, həm də Azərbaycanda yaşayan digər xalqların nümayəndələri birlikdə qurub. Bakının işğaldan azad olunmasında da, bolşevik işğalına qarşı Yalamada bir neçə saat davam edən qanlı döyüşdə də, Gəncə üsyanında da yalnız Azərbaycan türklərinin iştirak etdiyini iddia etmək sağlam məntiqdən çox uzaq olardı.
Əslində cümhuriyyətin elan olunması azərbaycançılıq ideyasının ictimai-siyasi baxımdan rəsmiləşməsi idi. Cümhuriyyət dövründəki azərbaycançılıq ideyasının aparıcı ideoloqu Məhəmməd Əmin Rəsulzadənin 1908-1911-ci illərdə İranda, 1911-1913-cü illərdə isə Osmanlı Türkiyəsində mühacirətdə olması ona Quzey Azərbaycan türklərinin həm Güney Azərbaycan, həm də Anadolu türkləri ilə oxşar və fərqli cəhətlərini müşahidə etmək şansı vermişdi. Məhz bu müşahidələr nəticəsində formalaşmış baxışlar cümhuriyyətin Azərbaycan adlandırılmasına qarşı İranın ictimai-siyasi xadimlərindən gələn etirazları neytrallaşdırmaq imkanı yaratmışdı.
70 il davam edən sovet işğalı dövründə azərbaycançılıqdan ideya kimi danışmaq, əlbəttə, doğru olmazdı. Həm də ona görə ki, artıq Ermənistanla bir dövlətin tərkibində (zorən) birləşsək də, ermənilərin tarixi Azərbaycan torpaqlarına, xüsusən Qarabağa ərazi iddiaları rəsmi Moskvanın dəstəyi ilə məhz bu dövrdə açıq müstəviyə adlamışdı. Bu üzdən SSRİ dövründə azərbaycançılıq arxa plana keçmiş, Qarabağ mövzusu Quzey Azərbaycan əhalisini birləşdirən əsas milli ideyaya çevrilmiş və bu proses təxminən bir əsrə yaxın davam etmişdi. Amma dərindən düşündükdə, istər Sovet Azərbaycanının azərbaycanlı rəhbərlərinin, istərsə də ziyalıların və bütövlükdə xalqın zorən ruslaşdırmaya qarşı, milli kimliyi qorumaq və Qarabağı Azərbaycan SSR-in tərkibində saxlamaq uğrunda mübarizəsi elə azərbaycançılıq sayıla bilər. 1956-cı ildə Cahid Hilaloğlu və Çingiz Abdullayev adlı vətənpərvər gənclərin totalitar sovet rejiminə etiraz olaraq üçrəngli bayrağımızı Qız qalasında qaldırması da azərbaycançılıq idi.
Maraqlıdır ki, müstəqilliyin bərpasından sonra Azərbaycanda milli ideologiya ilə bağlı müxtəlif müzakirələr aparılsa da, onların hamısı dövlət bayrağımızın rənglərinin kölgəsində qalıb. Çünki bu dövlət rəmzi əslində bütün rəngləri ilə birlikdə tamdır. Üçrəngli bayrağımızın ifadə etdiyi “türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarı multikultural və tolerant Azərbaycan cəmiyyətinin inkişaf yolunun birlikdən, həmrəylikdən keçdiyini göstərir. Bu rənglərdən hansısa birini digərlərindən ayıraraq qabartmaq cəmiyyətdə gərginliyə səbəb ola bilər. Biz bunu həm AXC hakimiyyəti dövründə görmüşük, həm də son illər dini radikalların əməllərində.
Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi isə şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir. Onun azərbaycançılıq ideyasının əsasında da Azərbaycan bayrağı bütün rəngləri ilə birlikdə durur. Heç də təsadüfi deyil ki, 17 noyabr 1990-cı ildə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdi.
1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev parçalanma və məhv olma təhlükəsi qarşısında qalan ölkəni xilas yolunu bütün azsaylı xalqları və etnik azlıqları bir çətir altında - azərbaycançılıq ideologiyası birləşdirməkdə gördü. Zaman isə onun haqlı olduğunu ortaya qoydu. Xüsusən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan Vətən müharibəsi dövründə və 23 saatlıq antiterror əməliyyatı zamanı Azərbaycan Respublikasında yaşayan bütün xalqların nümayəndələrinin çiyin-çiyinə verərək milli qürur savaşına qalxması məhz azərbaycançılıq ideologiyasının təsiri altında formalaşmış yeni nəslin qələbəsi idi.
Burada diqqət yetiriləsi məqamlardan biri Heydər Əliyev və İlham Əliyev dövründəki azərbaycançılıq ideologiyasının fərqlərindədir. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası Azərbaycanı müxtəlif etnik separatçılıq planları ilə parçalayıb müstəqilliyinə son qoymağa çalışanlara qarşı yönəlmişdi və sonda ölkəmizdə yaşayan digər xalqların vahid ideya ətrafında birləşdirilməsi yolu ilə məqsədə nail olundu. Məhz bu birlik imkan verdi ki, Azərbaycanın Qarabağ bölgəsində və ətrafında baş verən müharibəni beynəlxalq birliyə etnik erməni separatizmi kimi deyil, Ermənistanın işğalı kimi təqdim edək. Prezident İlham Əliyevin dövründəki azərbaycançılıq ideologiyası isə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin dövlətin ərazi bütövlüyünü təmin etmək, tarixi ədaləti və tapdanmış milli qüruru bərpa etmək ideyasına xidmət edirdi. Elə bu faktın özü sübut edir ki, azərbaycançılıq doğma və ya dəyişdirilməsi mümkün olmayan müqəddəs kitab deyil, daim yenilənən milli ideologiyadır. Bu səbəbdən qarşımızda duran yeni hədəflərə uyğun yenilənməlidir.
Təəssüf ki, şanlı zəfərimizdən ötən altı il ərzində bu istiqamətdə ciddi işlər görüldüyünü iddia edə bilmərik. Əslində bu müzakirələr müharibə bitəndən dərhal sonra başlamalı idi. Biz isə altı il sonra başlayırıq, özü də Prezident İlham Əliyevin bu mövzuda çıxışından sonra. Gecikməyimizin səbəblərindən biri də ideoloji mövzulara məsul qurumun hələ də müəyyənləşdirilməməsindədir. Halbuki Prezident çıxış etməsəydi də, ictimai müzakirələrdə bu mövzuda danışmaq üçün kifayət qədər geniş imkanlar vardı. Axı hamımız bilirik ki, minlərlə vətəndaşımız 1990-cı illərdə gənc müstəqil dövlətimizin idarəetməsindəki boşluqlardan və müharibədə məğlub olmasından istifadə edərək ərazimizə xeyriyyəçi təşkilat və dini təriqət adı ilə daxil olmuş yad ideologiyaların təsirinə məruz qalıb.
Dost-tanışlarımızın, qohumlarımızın arasında da belələrinin olduğunu görürük.
Ötən əsrin əvvəlindəki Azərbaycan adlı ilk dövlətimizi cəmi 23 ay qoruya bildiksə, ikinci müstəqilliyimizi artıq 35 ildir davam etdiririk. Onun əbədi olması üçün əlindən gələni etmək isə hər birimizin vətəndaşlıq borcudur.
Cavid İsmayıl
Tarix üzrə fəlsəfə doktoru