“Bu, nüvə blefi deyil” - Medvedev bu dəfə strateji nüvə silahı ilə hədələyir
Rusiyanın sabiq prezidenti və hazırda Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsini daşıyan Dmitri Medvedev növbəti nüvə təhdidi ilə çıxış edib. Qərb ölkələrinin Ukraynaya öz silahları ilə Rusiya ərazisini vurmağa icazə verməsi Medvedevi öz “hədə-qorxu dozası”nı bir qədər də artırmağa vadar edib.
Hurriyyet.az xəbər verir ki, sabiq prezident Rusiyanın təkcə taktiki deyil, həm də strateji nüvə silahına əl atacağını bəyan edib: “Bunlar təhlükəli və zərərli yanlış təsəvvürlərdir. NATO ölkələrinin Rusiyaya qarşı bu cür “fərdi yardımı” istər onların uzaqmənzilli qanadlı raketlərinə nəzarət, istərsə də Ukraynaya qoşun kontingentinin göndərilməsi münaqişənin ciddi şəkildə artmasıdır. Keçmiş(?) Ukrayna və onun NATO-dakı müttəfiqləri elə dağıdıcı cavab alacaqlar ki, Alyansın özü sadəcə olaraq münaqişəyə cəlb olunmaqdan özünü saxlaya bilməyəcək”.
Onun sözlərinə görə, taktiki nüvə silahlarından istifadədə NATO ölkələri “yanlış hesablamaya yol verə bilər və bu, ölümcül səhv olacaq”:“Axı, Rusiya prezidentinin haqlı olaraq qeyd etdiyi kimi, Avropa ölkələrində əhalinin sıxlığı çox yüksəkdir. Əraziləri taktiki nüvə silahlarının əhatə dairəsindən uzaq olan düşmən ölkələr üçün nəhayət, strateji potensial var. Və bu, təəssüf ki, qorxutma və ya nüvə blefi deyil. Hazırda Qərblə hərbi münaqişə ən pis ssenari üzrə inkişaf edir. Tətbiq olunan NATO silahlarının gücündə daimi bir eskalasiya var. Ona görə də bu gün heç kim münaqişənin son mərhələyə keçməsini istisna edə bilməz”.
Azpolitika.info