📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu ölkə fəlakətlə üz-üzə

2026-10-06 18:09:23

Bu ölkə fəlakətlə üz-üzə

Əfqanıstan yeni və ağır humanitar böhranla üz-üzədir. Pakistan və İrandan milyonlarla əfqanıstanlının geri qaytarılması onsuz da ağır iqtisadi və sosial vəziyyətdə olan ölkədə problemləri daha da dərinləşdirir. Evlərindən, işlərindən və qurduqları həyatdan məhrum edilərək geri dönənlərin böyük hissəsini isə Əfqanıstanda ciddi humanitar çətinliklər gözləyir. Xüsusilə qadınların, keçmiş hökumət rəsmilərinin, təhlükəsizlik əməkdaşlarının, jurnalistlərin və fəalların vəziyyəti narahatlıq doğurur.

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb:

"Pakistanla Əfqanıstan arasında növbəti hərbi qarşıdurmadan sonra Rusiya vasitəçilik təşəbbüsü ilə çıxış edib. Moskvada Talibanla Pakistan nümayəndələri arasında görüş keçirilib. Görüşdə Çin, Hindistan, İran və Mərkəzi Asiya ölkələrinin təmsilçiləri də iştirak ediblər. Rusiya xarici işlər naziri Sergey Lavrov ayrıca Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb. Moskva Taliban hökumətini 2025-ci ildə tanıyıb".

elxan.jpg (68 KB)

Politoloqun fikrincə, Moskvanın vasitəçiliyinə baxmayaraq, Əfqanıstanla Pakistan arasında sülhə nail olmaq çətindir:

"Birincisi, bu iki ölkə arasında sərhəd müəyyənləşməyib və bu mövzuda tərəflər arasında danışıqlar aparılmır. İkincisi, İslamabad Əfqanıstan ərazisində fəaliyyət göstərən silahlı qrupların Pakistana hücumlarda iştirak etdiyi qənaətindədir. Bunun özü də iki ölkə arasında sərhədin müəyyənləşməməsindən irəli gəlir. Pakistan ölkədəki əfqanların deportasiyasını davam etdirir. Bu prosesdə İran da iştirak edir. Halbuki, Pakistan və İran 1979-cu ildə sovet qoşunlarının Əfqanıstana hücumundan bəri ardıcıl münaqişə mərhələlərində Əfqan əhalisinə ev sahibliyi edib. Pakistanın və İranın mövqeləri ondan ibarətdir ki, onilliklərdir əfqanlara ev sahibliyi ediblər, xeyli humanitar dəstək veriblər və hazırda qanuni təhlükəsizlik və immiqrasiya narahatlıqlarına malikdirlər. BMT-nin məlumatlarına əsasən, 2026-cı ildə İran və Pakistandan Əfqanıstana bir milyondan çox əfqan qaytarılıb. 2025-ci ildə isə Əfqanıstana 2,9 milyon nəfərin qayıdışı qeydə alınıb. Əfqanların deportasiyası Əfqanıstanın ağır iqtisadi və sosial durumunu daha da ağırlaşdırıb. Qayıdanlar ev və işlə təmin olunmurlar. Deportasiya olunanların bir qismi heç Əfqanıstanda doğulmayıb. Onlar Pakistan və İranda həyat qurublar, iş yerləri yaradıblar. İndi bunların hamısından məhrumdurlar. Talibanın 2021-ci ildə hakimiyyətə qayıtmasından və beynəlxalq səviyyədə dəstəklənən Əfqanıstan hökumətinin süqutundan sonra milyonlarla insanı qəbul etməyə başlayıb. İslamabadın ilkin mərhələdə mövqeyi belə idi ki, sənədləri olmayan Əfqanıstan vətəndaşlarının Pakistanda qeyri-müəyyən müddətə qalmaq hüququ yoxdur. Bununla yanaşı, İslamabad əfqanların 2025-ci ilin aprelinə qədər Pakistanı tərk etməsi vacibliyini açıqlamışdı. Nəticədə əfqanların Pakistanı tərk etməkdən başqa seçimi qalmayıb. Əfqanlar Əfqanıstanın dağıdıcı zəlzələdən zərər çəkmiş ərazilərinə qayıdırlar və bu da böhran içində böhran kimi təsvir edilən vəziyyət yaradır. Geri qayıdanların beynəlxalq təşkilatların maliyyə və sosial dəstəyə ehtiyacları var. Ancaq heç bir beynəlxalq təşkilat geri qayıdan milyonlarla əfqanın ərzaq və digər problemlərini həll etmək iqtidarında deyil. Məsələni qəlizləşdirən bir çox dövlətin və beynəlxalq təşkilatın Talibanla təmaslarının olmamasıdır. Geri qayıdan qadınların durumu daha mürəkkəbdir. Geri qayıdan əfqan qadınlar Talibanın qızlar üçün təhsil, məşğulluq, hərəkət və ictimai həyatda iştirakla bağlı geniş məhdudiyyətləriylə üzləşiblər. Əfqanıstanın keçmiş hökumət rəsmiləri, təhlükəsizlik işçiləri, jurnalistlər, fəallar və vətəndaş cəmiyyəti işçiləri də ciddi müdafiə problemləri ilə üzləşiblər".