📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bu qədər resursa rəğmən kasıb ölkəyik, çünki idarəetmə sistemi yanlışdır" - NATİQ CƏFƏRLİ

2023-08-16 12:27:00

"Hökumətə 1,5 ildir çağırış edirik ki, ərzaq və dərmanlarda vergiləri, rüsumları aşağı salsın, qiymətlər ucuzlaşsın, amma dinləmirlər"

"Rəsmi məlumatda deyilir ki, 2023-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 437,9 manat pul xərcləyib. Bu göstərici 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 58,1 manat və ya 15,3 faiz çoxdur. Pərakəndə ticarətdə 437,9 manat xərcin 246,9 manatı ərzaq məhsulları, 191 manatı isə qeyri-ərzaq mallarının payına düşüb". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda qiymət artımı o qədər sürətlə gedir ki, keçən illə müqaisədə istehlak etdiyimiz məhsullar həcm olaraq artmayıb, amma qiymət olaraq 15, faiz yüksəlib: "Yəni, eyni ərzaq zənbilinə keçən ilin eyni dövrünə görə 15,3 faiz daha çox pul xərcləyirik. Bu hələ rəsmi rəqəmlərdir, normal, elmi yanaşma olsa gündəlik tələbata aid 30 adda məhsulları götürsək qiymət artımı 40-45 faiz olar".

İqtisadçı ekspert əlavə edib ki, inkişaf etmiş ölkələrdə əgər insan qazancının 15-20 faizdən çoxunu ərzağa xərcləyirsə, o kasıb sayılır: "Bizdə rəsmi məlumatlara görə, insanlar qazandığının yarıdan çoxunu ərzağa xərcləyir. Deməli, kasıb ölkəyik, yəni, bu qədər resursa rəğmən kasıbıq, çünki idarəetmə sistemi yanlışdır. Hökumətə 1,5 ildir çağırış edirik ki, ərzaq və dərmanlarda vergiləri, rüsumları aşağı salsın, qiymətlər ucuzlaşsın, amma dinləmirlər, veclərinə də deyil. Çünki bizdən-vətəndaşdan-seçicidən asılı deyillər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az