📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu səhvin ucbatından yeniyetmə intihar edir, valideynlər isə bir ömür o vicdan əzabı ilə yaşayır

2021-09-06 13:40:00

Bu səhvin ucbatından yeniyetmə intihar edir, valideynlər isə bir ömür o vicdan əzabı ilə yaşayır

“Ümumiyyətlə, yeniyetmələr zaman-zaman böhran yaşayırlar. Yəni narahatçılıq olur və bunun da səbəbləri müxtəlifdir. Məsələn, bu ailəylə, özüylə, təhsiliylə bağlı ola bilər. Sadəcə etiraf edək ki, hər bir valideynin yeniyetmənin probleminin həllində özünün düşüncələri var. Valideyn fikirləşir ki, mən bu cür yanaşaramsa, məsələni həll edə bilərəm. Bununla da valideyn öz düşüncəsini yeniyetməyə ötürür. Yeniyetmə bunu qəbul edir, etmir, razılaşdığı və razılaşmadığı məqamlar var”

Hurriyyet.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov yeniyetmələrin intiharı haqda danışarkən deyib. Psixoloqun sözlərinə görə valideynlər daha çox bu problemi öz düşüncələriylə həll etməyə çalışırlar: 

“Zaman keçdikcə bu münasibət şəxsiləşməyə başlayır. Bu isə həll olunmur. Yeniyetmə deyir ki, həyatımdan bezmişəm, özümə xəsarət yetirəcəm, özümü öldürəcəm, həyat maraqsızdır. Məsələ burasındadır ki, valideyn öz düşüncəsiylə məsələni həll etməyə çalışır və çox zaman da görür ki, bünövrə səhvdir. Bu səhvin ucbatından da yeniyetmə intihar edir, valideynlər isə bir ömür o vicdan əzabıyla yaşayırlar. Bu artıq bir ailənin faciəsidir. Valideyn övladını xilas etmək istəyirdi, amma sadəcə yanaşma tərzi düzgün deyildi. Yeniyetmənin qızı istəməsinə, ona görə intihar etməsinə səbəb kimi yox, bəhanə kimi baxıram. Çünki bu onun tutunacaq yeri idi. O, fikirləşirdi ki, qız həyatında olsa, xilas olacaq. Qız onun həyatından gedəndə isə düşündü ki, həyat mənasızdır və özünə qəsd etdi. Bu isə səbəb deyil, bəhanədir. Ona görə bu cür məsələlərdə diqqətli olmalıyıq”. 

E.Rüstəmov deyib ki, məhz bu problemlərin qarşısını almaq üçün ümumtəhsil müəssisələrində psixoloji xidmət formalaşdırılmalıdır:

“Onu deyəndə sual olunur ki, hər kəs psixoloq gedə bilmir və bəs biz nə edək? Haqlı deyirlər. Adam var ki, deyir bizim yaşadığımız ərazidə psixoloq yoxdur. Adam da var ki, deyir ki, mənim psixoloqa getmək imkanım yoxdur. Bunun üçün biz gərək bu prosesin həlli istiqamətində əlimizdə olan resursları işə salaq. Bunlardan biri ümumtəhsil müəssisələrində psixoloji xidmətin formalaşdırılmasıdır. Təhsil müəssisəsində psixoloqlar yetişməlidir. Bunu yetişdirmək isə zaman tələb edir, amma biz bunu etməliyik”.

Psixoloqun sözlərinə məsələyə məsul olan dövlət qurumları da bu istiqamətdə maarifləndirici işlər aparmalıdır: 
“Məsələnin ikinci bir tərəfi odur ki, əgər ailələrdə problem varsa, yenə də buna məsul olan qurumlar var. Onlardan biri Azərbaycan Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir və bu qurumun da rayonlarda nümayəndəlikləri var. Bu istiqamətdə maariflənmə işi aparılmalıdır. Yəni əlimizdə olan resurslar işə salınmalıdır və kim də fərdi şəkildə istəyirsə, getsin psixoloqdan dəstək alsın. Mən belə başa düşürəm ki, bu problem təkcə bizdə deyil, dünyanın hər yerində belə problemlər var. Sadəcə bu problemi həll edə bilən və həll edə bilməyən ailələr var. Həll edə bilməyənlərə dəstək olmaq lazımdır. Burda  psixoloji maariflənmə işini yüksək səviyyədə təşkil etmək lazımdır ki, problemlər də az olsun”.

Qeyd edək ki, sentyabrın 4-də 15 yaşlı Əliyev Aqşin Xəyyam oğlu özünü Qarabağ kanalına ataraq intihar edib. Ailəsi onun son zamanlar psixoloji problemləri olduğunu və həyatdan bezdiyini bildirib. Bununla yanaşı, Aqşinin sevdiyi qızın başqasına nişanlanmasına görə intihar etdiyini də deyiblər.