📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu şəxslərin maaşı artdı - Güzəştli mənzillərə daha kimlər sahib olacaq?

2022-05-03 14:00:00

Bu şəxslərin maaşı artdı - Güzəştli mənzillərə daha kimlər sahib olacaq?

Azərbaycan dövlətinin siyasətinin təməlində, mərkəzində insan amili olduğu üçün daim sosial sahəyə xüsusi diqqət göstərilir. Həm maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, həm də sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verirdi ki, dövlət nəzərdə tutulan iqtisadi islahatları uğurla həyata keçirə bilsin.

Bəli, dünyada baş verən iqtisadi inflyasiyanı Rusiya-Ukrayna müharibəsi bir az da dərinləşdirdi. Buna misal olaraq çörəyin qiymətinin qalxmasını misal göstərmək olar ki, bu, qaçılmaz idi. Dünyada taxılın, buğdanın qiyməti kəskin artdı. Bunu nəzərə alan ölkədə süni qiymət artımının qarşısını almaq məqsədilə dövlət orqanlarının tənzimləyici rolununun gücləndirilməsilə yanaşı, eyni zamanda, çox geniş sosial paket də həyata keçirilməyə başlanılıb. 

Minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırılmağa başlanılıb ki, bu da sözügedən inflyasiyaların qarşısını almaq, iqtisadi vəziyyəti stabil saxlamaq üçün qabaqlayıcı tədbirlərin əsasını təşkil edir. Bütövlükdə bu tədbirlər 2 milyondan çox insanı əhatə edir.

İnsanların sosial rifahının yaxşılaşdırılması üçün kompleks tədbirlər görülür. Maaşların və təqaüdlərin artırılması bunun bir hissəsidir. Təhsil, tibb və ordu bir xalqın xoşbəxt, sağlam, savadlı gələcəyinin əsasını təşkil edir. Bu mənada sözügedən sahələr üzrə xüsusilə son dövrlər ölkədə çox önəmli addımların atıldığının, keyfiyyətin yüksəldilməsi istiqamətində gərəkli qərarların verildiyinin şahidiyik. 

Bu mənada deyilənlərin təsdiqi olaraq mayın 2-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev 2021-ci ilin yekunları və 2022-ci ilin ilk 3 ayı üzrə fəaliyyətlə bağlı mətbuat konfransı zamanı tibb işçilərini sevindirəcək xəbərlər verərək, bu sahədə yaxın gələcəkdə nəzərdə tutulan məsələlərlə bağlı etdiyi açıqlamalar xüsusilə diqqət çəkdi.

Burada İdarə Heyətinin sədri tibbi statistik göstəricilərlə yanaşı səhiyyə işçilərinin əməkhaqqı artımından və tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsindən danışarkən bildirdi ki, 2021-ci ildə səhiyyə işçilərinə 717 milyon manatdan çox vəsait ödənilib və bu nəticə 2020-ci illə müqayisədə 18 % artım əldə edildiyini göstərir. 

Agentliyin eyni zamanda tibb müəssisələrində struktur dəyişiklikləri apardığını bildirən Z.Əliyev vurğulayıb ki, məqsəd idarəetməni təkmilləşdirmək və vətəndaşın tibbi xidmətə əlçatanlığını artırmaqdır: "İslahatlar çərçivəsində keçən il ölkə üzrə fəaliyyət göstərən Ailə Sağlamlıq Mərkəzlərinin sayı 278-ə yüksəlib, Bakı şəhərinin rayonları üzrə 11 tibb mərkəzi, Sumqayıt şəhərində isə Sumqayıt Tibb Mərkəzi yaradılıb. Ən mühüm yeniliklərdən biri isə 2021-ci ilin oktyabr ayından etibarən - təxminən işğaldan azad edilməsindən cəmi 1 il sonra Şuşa şəhərində modul tipli xəstəxananın fəaliyyətə başlamasıdır. Müəssisə ötən il ərzində 1 256 pasiyent qəbul edib".

İdarə Heyətinin sədri həmçinin səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına ediləcək dəyişiklik və tibb işçilərinə güzəştli ipoteka kreditinin verilməsi ilə bağlı Agentliyin təklifi haqqında mətbuat nümayəndələrinə məlumat verib. Azərbaycanda tibb işçilərinə güzəştli ipoteka kreditinin verilməsi təbii ki, ölkədə mənzil probleminin aradan qaldırılması nəzərdən olduqca əhəmiyyətli addımdır. 

Təklifdə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ əldə etmək üçün gənc ailənin üzvü olaraq ən az 3 il dövlət tibb müəssisələrində tibbi fəaliyyətlə məşğul olmaq tələbi var. Eyni zamanda gənc ailənin üzvü olmayan tibb işçilərinin güzəştli ipoteka kreditindən yararlanması üçün ən az 15 il dövlət tibb müəssislərində tibbi fəaliyyətlə məşğul olmaq tələbi irəli sürülüb.

Təklif artıq aidiyyəti dövlət orqanlarına və qurumlarına təqdim olunub. Sənəd qəbul olunduğu təqdirdə dövlət orqanlarının (qurumlarının) nəzdindəki tibb müəssisələrində çalışan həkimlər, orta və kiçik tibb işçiləri (tibb müəssisəsinin rəhbəri istisna olmaqla) güzəştli ipoteka kreditindən yararlanmaq imkanı əldə edəcəklər. Bu isə gənc ailələrin mənzil probleminin kökündən həllini tapmasında müstəsna rol oynayacaq.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev  mətbuat konfransında növbəti şad xəbəri isə həkimlərin maaşlarının təxminən iki dəfəyədək artırılması ilə bağlı açıqlaması oldu. Burada 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra tam məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur ki, nəticədə güzəştli ipoteka ilə mənzilə sahib olmaq istəyən tibb işçilərinin işi bir qədər də yüngülləşmiş sayılır. Bu, həmin ailələri aylıq mənzil kreditlərinin ödənilməsi məsələsində əlavə çətinliyə imkan verməyəcək ki, bu da öz növbəsində onların iş fəaliyyətlərində də keyifiyyətin ön plana çıxmasına səbəb olacaq. 

Amma bu cür addımların yaxın gələcəkdə digər sahələrdə də çalışan xeyli sayda insanı əhatə edəcəyi istisna edilmir. Dövrün tələbləri ilə islahatlara meyilli olan Azərbaycan dövləti müasir çağırışlara hər zaman açıq olduğunu göstərməkdə davam edir.

Həyatın hər sahəsindəki vəziyyəti müvafiq qanun tənzimləyir. Bu, bütün ölkələrdə belədir. Azərbaycanda da çoxsaylı müxtəlif qanunlar qəbul olunub və dövrün tələblərinə uyğun olaraq mütamadi olaraq təkmilləşdirilir. Bu baxımdan tibb sahəsi də istisna ola bilməzdi. Bütün dünyada ən məsuliyyətli sahələrdən hesab edilən tibb də qanunların yaxşı işlədiyi şəraitdə inkişaf edir. Tibb sahəsində çalışanlarla bağlı verilən yeni qərarlar da Azərbaycan tibbinin inkişafı üçün yeni imkanlar və yeni mərhələ açacağı şübhə doğurmur. /Milli.az/