“Bu, Sudjanın işğalından da pis olacaq” - Kadırovçuların müdafiə etdiyi vacib məntəqə də ələ keçirildi
Kreml Ukraynanın Kursk vilayətindəki hücumunu dayandıra bilmir və indi Ukrayna Silahlı Qüvvələri növbəti iri yaşayış məntəqəsi olan Korenevo uğrunda döyüşə başlayıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə “BİLD” nəşrinin tanınmış eksperti Julian Röpke yazıb.
Onun sözlərinə görə, avqustun 20-də Rusiyanın “Şimal” qrupunun teleqram kanalı Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Korenevo kəndinin girişindən 300 metr məsafədə (sərhəddən 19 km aralıda) döyüşdüyünə dair video paylaşıb. Röpkenin qeyd etdiyi kimi, bu görüntülər Ukrayna Silahlı Qüvvələrinin bir neçə gündür yaxınlaşdığı Korenevo uğrunda döyüşlərin başladığını təsdiqləyir.
Onun fikrincə, Vladimir Putinin reputasiyası üçün Koronevonun itirilməsi Sudja şəhərinin itirilməsindən də pis olacaq: “Sudjadan fərqli olaraq, o, hücumun gözlənilməz olmasını və hazırlıqsız müdafiəni bəhanə gətirə bilməyəcək. Kursk bölgəsində iki həftə davam edən döyüşlərdən sonra buradakı Rusiya ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib və bölgəyə minlərlə əsgər köçürülüb. Bu vəziyyətdə onlar Ukrayna ekspedisiya qüvvələrinə uduzacaqlarsa, bu, Rusiya hərbi rəhbərliyi üçün dəhşətli bir ayıb olacaq”.
Bundan əlavə, Röpke Ukrayna Silahlı Qüvvələrinin digər sahələrdə də uğurlu irəliləyişini qeyd edib.
Onun yazdığına görə, xüsusilə də Ukrayna qoşunları inadkar döyüşlərdən sonra Sudjanın şimal-şərqindəki Martınovka kəndinə nəzarəti ələ keçiriblər ki, bu məntəqə də birbaşa Kurska aparan P200 şossesində yerləşir: "Martynovka çeçen bölmələri tərəfindən müdafiə edilirdi, kənd Sudjaya potensial əks-hücum üçün başlanğıc nöqtəsi kimi vacib idi. İndi Ukrayna Silahlı Qüvvələri üçün bu təhlükə sürətlə azalır".
Azpolitika.info