"Bu vəziyyətdə iki yolumuz var, ya hansısa cəbhəyə qoşulmalı, ya da neytral qalmalıyıq" - ƏKRƏM HƏSƏNOV
"Birinci halda seçimimiz demək olar ki, yoxdur, çünki üç nəhəng qonşumuz - Rusiya, Türkiyə və İran Fələstini dəstəkləyir, neytral olduqda belə, bununla hesablaşmaya bilmərik"
"İsrail-Fələstin müharibəsi nəinki bəşəri, o cümlədən türkdilli dünyanı və hətta ölkəmizdəki fikirləri də parçalayıb. Bu məsələdə çox ehtiyatlı davranmalıyıq. Dünya yeni geosiyasi (iqtisadi və s.) reallığa doğru gedir. Faktiki olaraq dünya müharibəsidir. Artıq dəyərlər rol oynamır, ancaq maraqlar həlledicidir. Hamı yalan danışır, ikili standartlar tətbiq edir". Hurriyyet.az xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov bildirib.
.jpg)
Onun fikrincə, bu vəziyyətdə iki yolumuz var, ya hansısa cəbhəyə qoşulmalı, ya da neytral qalmalıyıq: "Birinci halda seçimimiz demək olar ki, yoxdur. Çünki üç nəhəng qonşumuz - Rusiya, Türkiyə və İran Fələstini dəstəkləyir. Neytral olduqda belə, bununla hesablaşmaya bilmərik. Qərbin bizə qarşı münasibətini və dini faktoru da nəzərə alsaq, neytral qalsaq da, əvvəlki kimi dəyərlərə əsaslanaraq aşağıdakıları vurğulamalıyıq. Sosial şəbəkələrdə, mətbuatda məsuliyyətsiz və birtərəfli mövqe sərgiləyənlərə də bunlara xatırlatmalıyıq. 1. Qədim tarixdə kimin harada yaşaması indi heç bir əhəmiyyət kəsb etmir. Buna görə də bu mövzuda müzakirələrin belə aparılması yersizdir. 2. BMT qətnamələrinə, beynəlxalq hüquqa görə paytaxtı Şərqi Qüdsdə yerləşən Fələstin dövləti yaradılmalıdır. Bütün əks mövqelər antihüquqi xarakter daşıyır. Dövlətimizin mövqeyi də həmişə belə olub, indi də belədir. 3. İsrail və Fələstin öz daxilində tam sərbəstdir. Necə ki, İsrail yarıklerikal (yarıdinçi) dövlətdir, Fələstin xalqı da öz dininə uyğun müqəddəratını həll edə bilər. Buna görə də həm yəhudiliyə, həm də İslama qarşı bütün basqılar pislənilməlidir. 4. Dinc əhaliyə qarşı törədilən hər bir əməl cinayətdir. Bəli, tarixən bütün milli-azadlıq hərəkatları əsasən qeyri-sivil (hətta vəhşi, qəddar) üsullarla aparılıb. Bəli, necə ki, bizi əyyaş ermənilərin Qarabağda yallı getməsi yandırırdı, eyni ilə fələstinliləri də işğal olunmuş ərazilərində hansısa çılpaqların musiqi festivalı keçirməsi hiddətləndirir. Amma bütün bunlar HƏMAS-a haqq qazandıra bilməz. Sivil Fələstin dövləti qurmaq istəyirlərsə, terrordan əl çəkməlidirlər".
Əkrəm Həsənov hesab edir ki, eynilə İsrail də HƏMAS-la mübarizə adı altında dinc fələstinlilərə divan tutmamalı, etnik təmizləmələrə son qoymalıdır: "Necə ki, Rusiya Ukraynadakı mülki obyektləri “orada hərbçilər gizlənir” bəhanəsi ilə darmadağın edirdi və edir, indi də İsrail bu cür davranır. Amma bir sıra ölkənin buna münasibəti fərqlidir. İkili standartlara son qoyulmalıdır!"
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az