“Bu zərbə Rusiyaya ciddi problemlər yaradacaq” - Rusiya ordusu Ukraynanın cənubunda çətin duruma düşüb
Ukrayna ordusu Rusiyanın Krımdakı hərbi birləşmələrinin təchizatını xeyli çətinləşdirib.
Hurriyyet.az xəbər verir ki, Britaniya hərbi kəşfiyyatının son hesabatında deyildiyinə görə, Ukrayna Silahlı Qüvvələri Krımda Rusiya ordusunu təchiz edən və mayeləşdirilmiş qaz daşıyan “Slavyanin” dəmir yolu bərəsini sıradan çıxarıb: “2024-cü il iyulun 23-də Ukrayna qüvvələri Rusiyanın “Qafqaz” limanında “Slavyanin” dəmir yolu bərəsini zədələyib. Bu zərbə, demək olar ki, Rusiya üçün Ukraynanın cənubundakı işğalçı qüvvələrin təchizatında və maye qazın regional ixracında əlavə logistik problemlər yaradacaq”.
Mayın sonunda Ukraynanın hücumu nəticəsində daha iki oxşar gəmiyə ciddi ziyan dəydiyi üçün “Slavyanin” bərəsi bu tipli yeganə gəmi kimi “Qafqaz” limanına göndərilmişdi. Kəşfiyyat hesab edir ki, Rusiya ordusu indi təchizatı bərpa etmək üçün Kerç boğazı üzərindən keçən körpüdən istifadə etməyə məcbur olacaq: “Çox güman ki, Rusiya 2022-ci ilin oktyabrında körpüyə hücumdan sonra yanacaq qatarlarının Kerç körpüsü ilə hərəkətini yenidən riskə atmalı olacaq”.
Daha əvvəl Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk bildirib ki, Rusiya “Qafqaz” limanına hücumla “Slavyanin” bərəsinə ziyan vurduqdan sonra Azov dənizindən bütün hərbi gəmilərini geri çəkib: “Yəni, əvvəlki iki dəmir yolu bərəsi zədələnənə qədər beynəlxalq daşımalarda istifadə olunub. “Slavyanin” Rusiya Federasiyasının hərbi logistika maraqları üçün istifadə edilirdi və əslində materik dəmir yolunu Krım dəmir yolu ilə birləşdirən yeganə element idi”.
“AzPolitika.info”