📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bulvarda hər gün "qara kassa"ya 1000 manat yığılırmış – Keçmiş sədrin məhkəməsi

2026-10-20 11:26:20

Bulvarda hər gün

Bakı Ağır Cinayətlər Məhkəməsində Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə mühakimə davam edir.

Ötən məhkəmə prosesində şahid kürsüsünə çıxarılan şəxslərin ifadələri bulvar idarəçiliyində illərlə mövcud olmuş qanunsuzluqların və "qara kassa" mexanizminin üstünü açıb.

Ötən iclasda şahid qismində dindirilən, əvvəllər bulvarın avtodayanacağında nəzarətçi işləmiş Sərdar Səlimov vurğulayıb ki, heç bir rəsmi əmək müqaviləsi olmadan çalışıb: "Rəsmi maaş almırdım. Standart 400 manat əməkhaqqı alırdım, rəhbərimiz Natiq Hümbətov idi. O, maaşımızı əlbəəl verirdi. 2 il orada çalışdım. Axıra yaxın əməkhaqqı 50 manat qalxdı. Sonra səhhətimdə problem yarandı, ona görə işdən çıxmalı oldum. Dayanacaqda gündə 80-100 manat pul yığılırdı".

Maraqlıdır ki, şahid ibtidai istintaqa verdiyi ifadəsində dayanacaqdan gündə 1000 manatdan çox pul yığıldığını qeyd etsə də, məhkəmə zalında həmin dediklərini təsdiqləməkdən boyun qaçırıb.
Prosesdə ifadə verən digər şahid Azər Bəkirov bulvarda yerləşən kafelərdən birində nəzarətçi işlədiyini deyib. 2020–2024-cü illərdə fəaliyyət göstərdiyini bildirən şahid məvacibini yalnız nağd aldığını söyləyib: "Orada gəlib-gedənə nəzarət edirdim, 600 manat maaş alırdım. O vaxt işə düzəlməyim üçün İlqar müəllimə qardaşım xahiş etmişdi. Maaşımı əldən alırdım, sənədə nə qədər pul yazıblarsa, heç xəbərim olmayıb".

Restoran sahibindən etiraf: "Hər ay 7-8 min manat nağd verirdik"

Ötən məhkəmə iclasının en sensasiyalı ifadəsini isə bulvarda restoran işlədən sahibkar Turxan Əlizadə verib. O, idarə rəhbərliyi ilə qurulan qanunsuz "əməkdaşlıq" sxemini bütün çılpaqlığı ilə ifşa edib:
"2021-ci ildən fəaliyyətə başladıq. Bulvar İdarəsi ilə müqavilə imzaladıq. Yay mövsümündə fəaliyyət göstərirdik. Müqavilədə ayrı məbləğ göstərilirdi, nağd şəkildə onlara başqa məbləğdə pul verirdik. Şirkətin əməkdaşları ilə pulu aparıb Fuad Babayevə çatdırırdıq. Müqavilədə pul həmişə az göstərilirdi. Çünki yeni yer açılanda o işi biz götürürdük. Bu məsələlərin hamısını şəxsən İlqar müəllim həll edirdi. İlqar müəllimin dövründə hər ay 7-8 min manat pul verirdik".

İttihamda nə deyilir?

Xatırladaq ki, Dənizkənarı Bulvar İdarəsindəki yeyinti və mənimsəmə halları Hesablama Palatasının yoxlamalarından sonra üzə çıxıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən olunub ki, İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və Fuad Babayev rəsmi sənədlərə yalan məlumatlar daxil edərək, gəmi gəzintiləri, icarə və kommersiya obyektlərindən gələn 12 milyon manatdan artıq vəsaiti mənimsəyiblər.

Bundan başqa, keçmiş sədr 1 milyon 800 min manatlıq dövlət vergisini ödeməkdən yayınmaqda və cinayət yolu ilə əldə etdiyi 10 milyon manatdan çox pulu özünün və qohumlarının adına mülklər almaqla leqallaşdırmaqda (çirkli pulların yuyulması) günahlandırılır. İlqar Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib, digər təqsirləndirilən şəxslər isə polisin nəzarəti altındadır. Vurulmuş ziyanın ödənilməsini təmin etmək üçün 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.