Buster doza Omikrona qarşı qeyri-effektivdir? - İnfeksionist AYDINLIQ GƏTİRDİ
"Araşdırmalar göstərir ki, Omikronda daha az antitel yaranır və bu ştamma insanlar daha tez yoluxa bilirlər".
Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Vüsalə Yaşar deyib.
O bildirib ki, buster dozasını almış insanlarda xəstəliyin daha yüngül gedişatını müşahidə edirik:
"Vaksin istifadə edilməyə başladığı zaman çox istəyirdik ki, bir doza, iki doza müqavimətin yaranmasına kifayət etsin. Amma zaman göstərdi ki, bu, belə olmur, müəyyən zaman keçəndən sonra orqanizmimizin müqaviməti aşağı düşür, təzədən həssas olmağa başlayırıq. Ona görə də təkrar vaksinasiyaya ehtiyacımız yaranır.
Omikronun əlamətlərini insan çox yüngül keçirir. İstərdim ki, bu, pandemiyanın sona çatmasına bir işarə olsun, amma Omikrona yoluxanların xəstəliyi nisbətən yüngül keçirməsinin səbəbi peyvəndləmə ilə bağlıdır. Ümumiyyətlə COVİD-19 əleyhinə vaksin olunmuş insanlar xəstəliyi daha yüngül keçirirlər. Bu araşdırmalar da daha çox peyvəndli insanlarda aparıldığına görə xəstəliyin daha çox onlarda yüngül gedişatı görünüb.
Omikrona yoluxma sürətlə artdığına görə insanlarda belə fikirlər yaranır ki, nə iki dozanın, nə buster dozanın hər hansı təsiri var, amma tam əksinə. Üçüncü (buster) doza vurulduqdan sonra daha çox qoruyuculuq əldə olunur, eyni şəkildə bu yolla Omikron ştammından da qorunmaq olur. Bu sadəcə bizim vaksinasiya olunduqdan sonra yaranan antitellərimizin müəyyən zaman sonra aşağı düşməsi ilə bağlı bir vəziyyətdir ki, biz təkrar yoluxa bilirik. O demək deyil ki, vaksin bizi yeni yaranmış ştammlardan qorumur. Qoruyur, xüsusilə də butser dozasını almış insanlarda xəstəliyin daha yüngül gedişatını və yaxud da yoluxub, xəstəliyin heç bir əlamətlərinin olmamalarını belə müşahidə edə bilirik".
Milli.Az