📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Buster doza təhlükəlidir” iddiasına infeksionistlərdən cavab

2021-10-28 09:55:00

“Buster doza təhlükəlidir” iddiasına infeksionistlərdən cavab

“Buster doza ilə üçüncü doza arasında fərq ondadır ki...”

Azərbaycanda yoluxma sayı durmadan artır, ölənlərin sayı çoxalır. Artıq koronavirusdan xəstələnənlərin sayı 3 min rəqəminə doğru artır. Yazını hazırladığımız  zaman bəlli olan statistik göstəricilərə görə, ölkəmizdə COVİD-19 infeksiyasına 2266 yeni yoluxma faktı qeydə alınıb, 1194 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.

Məktəblərdə də vəziyyət ürəkaçan deyil. Demək olar ki, hər gün bir məktəb distant təhsilə keçir. Təhsil nazirinin müşaviri Rüstəm Ağayev mediaya açıqlamasında deyib ki, respublikada ümumi 4 432 məktəb var və onların 31-i distant təhsilə keçib: “Koronavirusa yoluxmalar səbəbindən distant təhsilə keçən 697 sinifdən 155-i iki həftəlik karantin müddətindən sonra ənənəvi təhsilə geri qayıdıb. Belə ki, hazırda 542 sinif distant təhsildədir. Bu, ölkə üzrə ümumtəhsil məktəblərinin 0,6 faizini təşkil edir”.

Bununla belə, ekspertlər son günlər koronavirusla yeganə mübarizə yolu  kimi vaksinasiyanı görürlər. Hətta buster dozanın tətbiqini məqbul sayanlar var. Amma buster doza ilə bağlı deyilənlər əhali arasında birmənalı qarşılanmayıb. Qəzetimizə müraciət edən paytaxt sakinləri buster doza ilə bağlı məlumatsız olduqlarını dilə gətiriblər. Eləcə də buster dozanın təhlükəli olması barədə fikirlər də səsləndirilir.

Hurriyyet.az xəbər verir ki, tanınmış həkimlər “Yeni Müsavat”a bu suallarla bağlı fikirlərini bildiriblər.

Oxu.az - İnfeksionist: “Dördüncü dalğa ehtimalı çox yüksəkdir” – FOTO

Nicat Əzimli

Həkim-infeksionist Nicat Əzimli bizimlə söhbətdə 3-cü doza və buster doza arasındakı fərqdən danışıb: “Buster dozanın əhəmiyyəti haqda onu deyə bilərəm ki, hazırda epidemik vəziyyətin pisə doğru getməsinin əsas səbəbi elə vaksinlənmiş əhalinin orqanizmindəki süni immunitetin təsir müddətinin keçməsi və artıq təbii olaraq zəifləməsidir. 3-cü doza o şəxslərə vurulur ki, onlar müxtəlif immunsupressiv xəstəlikləri olan və ya hazırda immun sistemi zəiflədici hər hansı preparatlardan istifadə edən şəxslərdir. Yəni standart 2 doza peyvənd onların orqanizmində süni immunitetin yaranması üçün yetərli olmur. Bu səbəbdən həmin şəxslərə tam immunizasiya məqsədilə 2-ci dozadan 4 həftə sonra 3-cü doza tətbiq olunur. Qeyd edək ki, bu şəxslər insanların 3%-ni təşkil edir.

Əhaliyə geniş şəkildə tətbiq olunan buster doza isə 2 doza ilə tam peyvəndlənmiş hesab olunan sağlam şəxsin orqanizmində zamanla zəifləmiş immuniteti gücləndirmək üçün 2-ci dozadan 5-6 ay sonra vurulur.

3-cü dozada vurulan peyvəndin dozası əvvəlki 2 doza ilə eyni olur, buster dozada isə eyni və ya yarı doza vurula bilər".

Mərdan Əliyev - Hepatoloq, İnfeksionist

Mərdan Əliyev 

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Buster  doza gücləndirilmiş doza sayılır. Nə üçün belə adlandırılır? Birinci doza vurulur, sonra birinci doza kifayət etmədiyi üçün bir ay sonra ikinci doza peyvənd vurulur. İkinci doza peyvənddən altı ay sonra üçüncü doza peyvənd vurulur. Bu üç doza peyvəndə biz buster doza, yəni gücləndirilmiş doza peyvənd deyirik. Çünki buster dozadan sonra peyvənd vurulmur, bu qanda antitelləri maksimal həddə qədər qaldırır. Artıq praktikada da görünür ki, buster dozadan sonra yoluxma kəskin şəkildə azalır. Araşdırmalar nəticəsində məlum olub ki, iyirmi dəfəyə qədər yoluxma və xəstəliyin ağır keçirilməsi hallarını azaldır. Bu da çox böyük nəticədir. Ümumiyyətlə, yoluxma sayında 50  faiz vaksinin effektiv olduğunu göstərir. Konkretləşdirsək, buster doza üçüncü dozadır, bu, gücləndirilmiş doza adlanır və qanda antitelləri maksimum səviyyəyə qaldırır, xəstəlikdən qorunma yüksək səviyyədə olur”.