📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bütün kənar dillər Azərbaycana qılıncın və tüfəngin belində gəlib" - ELDƏNİZ ƏMİROV

2024-02-21 14:15:25

"70 il ərazində yüzlərlə dilçi alimin Azərbaycan dili üçün edə bilmədiyini xalq 20 yanvarda bir günə etdi, əcnəbi orduya olan müqavimət, əcnəbi dilə də sarsıdıcı zərbə vurdu"

"Bütün kənar dillər Azərbaycana qılıncın və tüfəngin belində gəliblər. İnanmayanlar ardıcıllığa baxa bilərlər. Zamanında Azərbaycan dilini əzən ərəb, fars və rus dilləri əvvəlcə Azərbaycanı işğal edən ordunun dili olub, sonra məcburi sənədləşmə dili olub. Bundan sonra isə məcburi təhsil dili edilib. Sonra da digər sahələrə yayılıb". Hurriyyet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun fikrincə, dil nə qədər mükəmməl və geniş imkanlı olursa-olsun, onun arxasında güc dayanmayanda, o dili qatlayıb kənara atırlar: "Qüdrəti olmayan xalqın dili də güclü ola bilməz. 70 il ərazində yüzlərlə dilçi alimin Azərbaycan dili üçün edə bilmədiyini xalq 20 yanvarda bir günə etdi. Əcnəbi orduya olan müqavimət, əcnəbi dilə də sarsıdıcı zərbə vurdu. Deməli, Azərbaycan ordusu təkcə əraziləri deyil, həm də Azərbaycanın dilini xilas edib. Hətta öz millətimizdən olsa da, yekəxanalıqla Azərbaycan dilinə, yəni öz dədə-babasının dilinə yuxarıdan aşağı baxanları da məyus edib. Ona görə bu mövzuya toxundum ki, bu gün Beynəlxalq Ana Dili Günüdür. Bu münasibətlə Azərbaycan dilini sevən və bu dilə hörmət edərək bu dildə danışan hər kəsi təbrik edirəm. Azərbaycan Ordusuna isə dilimizin xilası uğrunda kimsənin edə bilmədiyini etdiyinə görə dərin minnətdarlığımı bildirirəm".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az