"Bütün resursları gəncliyin problemlərinin həllinə yönəltmək daha vacibdir" - RÖVŞƏN AĞAYEV
"İstənilən məmləkətin gələcəyini proqnozlaşdırmaq istəyirsinizsə, hazırkı gəncliyin arzularına və ümidlərinə baxın, çünki gələcəyi həmin arzular və ümidlər qurur"
"Gənclər gününü təntənəli qeyd eləmək yaxşıdır. Amma gəncliyin problemlərindən daha açıq danışmaq, bu problemləri cəsarətlə səsləndirib bütün resursları onların həllinə yönəltmək daha vacibdir". Hurriyyet.az xəbər verir ki, bu fikirlərin müəllifi iqtisadçı ekspert Rövşən Ağayevdir.
İqtisadçı ekspert hesab edir ki, obyektiv bir sorğu keçirib ortaya real mənzərəni qoymaq lazımdır: "Məsələn, nə qədər Azərbaycan gənci ölkədən getmək üçün fürsət axtarır, onları ümidsiz edən nədir? Gənclər özlərini nə qədər azad hiss edirlər, özünüifadə və özünüinkişaf üçün hansı fürsətlərin və maneələrin olduğunu düşünürlər? Hər il nə qədər 15-17 yaşlı yeniyetmə növbəti təhsil pilləsinə keçmədən, heç bir peşə-ixitsas qazanmadan sadəcə əllərinin gücüylə çörək qazanmağa başlayırlar? Əhalinin yarısının yaşadığı kəndlərdə gənclərin mədəni və fiziki inkişafı üçün elementar şərtlər varmı? Universitetləri bitirən gənclərin hansı hissəsi ixtisaslarına və qabiliyyətlərinə, arzularına uyğun iş tapa bilirlər? Seçmək-seçilmək hüquqsuzluğu onların nə dərəcədə ümidsiz edir? Ölkədə əndazə tanımayan sərvət və gəlir qeyri-bərabərliyi, ədalətsiz şəkildə zənginləşmə, haqsız rəqabət onlarda gələcəyə ümid buraxırmı?"
Rövşən Ağayevin fikrincə, bu kimi suallar və obyektiv statistik məlumatlar əsasında hazırlanmış "Azərbaycan gəncliyinin düşündükləri, arzuları, gələcək planları" adlı hesabatı ötəngünkü Gənclər Gününə həsr etmək olardı: "İstənilən məmləkətin gələcəyini proqnozlaşdırmaq istəyirsinizsə, hazırkı gəncliyin arzularına və ümidlərinə baxın. Gələcəyi həmin arzular və ümidlər qurur".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az