“Çaqqal sənin özünsən” - 11 nömrəli avtobusda nə baş verir? - VİDEO
Bakıda 11 nömrəli marşrut avtobusunun fəaliyyəti ilə bağlı Musavat.com-un redaksiyasına sərnişinlər tərəfindən şikayət daxil olub.
Redaksiyaya müraciət edən sakinlərin sözlərinə görə, 11 nömrəli avtobusun intervalı uzun olduğundan sərnişinlər dayanacaqlarda bəzən 40 dəqiqəyə yaxın gözləməli olurlar.
Sakinlər həmçinin avtobus sürücülərinin yol hərəkəti qaydalarını mütəmadi şəkildə pozduğunu iddia edirlər. Onların sözlərinə görə, bu cür hallar sərnişinlərin narazılığına səbəb olur və avtobusda gərgin vəziyyət yaradır.
Sərnişinlərin bildirdiyinə görə, təxminən iki həftə əvvəl də 11 nömrəli avtobusda xoşagəlməz insident yaşanıb.
Belə ki, avtobusda kondisionerin işləməməsindən narazı qalan sərnişinlər pəncərələri açıblar. Sürücü isə kondisioneri məhz pəncərələrin açıq olması səbəbindən yandırmadığını bildirib.
Bu məsələ ilə bağlı sərnişinlərlə sürücü arasında mübahisə yaranıb. Tərəflər arasında qarşılıqlı təhqirlərin səsləndirildiyi bildirilir.
Sakinlər marşrut üzrə avtobusların hərəkət intervalının və sürücülərin davranışının aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsini xahiş edirlər.