Cavanşir Feyziyevin jurnalistləri təhqir etməsi etiraz doğurdu
Qulu Məhərrəmli: “Onun ictimaiyyət qarşısında təhqir etdiyi şəxslərdən üzr istəməsi müdrik addım olardı”
Elçin Şıxlı: “Biz “4-cü hakimiyyət” olduğumuzu unutmamalıyıq...”
Bir neçə gündür media və sosial şəbəkələrdə deputat Cavanşir Feyziyev və ailəsinə məxsus London məhkəməsində müsadirə olunan 5 milyon funt-sterlinq müzakirə olunur. Cavanşir Feyziyev məsələ ilə bağlı müsahibə verərək məlumatı təsdiqləsə də, daha sonra geniş açıqlama yayıb. Həmin açıqlamada o, bir sıra jurnalistin adını çəkərək, onları açıq şəkildə təhqir edib. Deputatın bu bəyanatı isə haqlı olaraq cəmiyyətdə hiddətlə qarşılanıb.
“Hürriyyət” sözüegedən olayla bağlı tanınmış media nümayəndələrinin fikirlərini oxucularına təqdim edir:
"Jurnalistikanın İnkişafına Yardım" Fondunun sədri, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i, professor Qulu Məhərrəmli:
“Hesab edirəm ki, Cavanşir Feyziyevin varidatı ilə bağlı London Məhkəməsinin çıxardığı qərara bizim mediada verilən materiallara, sözügedən məsələyə reaksiya verən şəxslərə impulsiv münasibəti yolverilməzdir. Çünki onun işlətdiyi ifadələrdə müəyyən təhqir elementləri vardır. Cavanşir Feyziyev ölkənin tanınmış mətbuat nümayəndələrinin ünvanına ittihamlar səsləndirib. Başa düşürəm ki, bu Mətbuat Şurasının artıq sabiq üzvü Feyziyevin informasiya dalğasına göstərdiyi impulsiv, emosional reaksiyadır, amma bunlar onun media nümayəndələrini kütləvi şəkildə ittiham etməsinə bəraət qazandırmır.
Onu da qeyd edim ki, şəxsən mənim üçün Mətbuat Şurası deyilən bir qurum yoxdur. 2008-ci ildən Şura sədrinin iki dəfə seçilməsinə qoyulmuş məhdudiyyət aradan qaldırılandan sonra Mətbuat Şurasını oyuncaq qurum hesab edirəm. Zənnimcə, onun medida gedən hansısa prosesə, ictimai rəyə heç bir təsiri ola bilməz. Düzdür, həmkarlar hərdən orada bir araya gəlib şəkil-falan çəkdirib sosial şəbəkələrdə paylaşırlar, bunu anlamaq olar. Amma ümümiyyətlə, medianın inkişafının, mediada gedən proseslərin Mətbuat Şurası ilə heç bir əlaqəsi yoxdur, ola da bilməz. Çünki biz onu müstəqil qurum kimi nəzərdə tutmuşduq, amma o ayrı-ayrı məmurların yedəyində getməyə başlayandan sonra tamamilə nüfuzunu itirdi.
Cavanşir Feyziyevin Mətbuat Şurasının üzvü olması normal idi. Çünki Mətbuat Şurası üzvlərinin bir qismi ictimaiyyətdən seçilmiş şəxslərdir. Yəni media nümayəndələri ilə yanaşı, ictimaiyyət nümayəndələri də Şurada təmsil olunur. Feyziyev də o nümayəndələrdən biri idi. Bu o deməkdir ki, o, həm də ölkənin media həyatı ilə qaynayıb-qarışırdı, orada gedən proseslərdən hali idi.
Əlbəttə, hesab edirəm ki, onun verdiyi bəyanat, yazdığı status etik qaydalardan kənara çıxır, amma bunu çöx böyük bir şouya da çevirmək olmaz. Sözügedən olaya reaksiya verilir, bu çox yaxşıdır. Amma çox istərdim ki, bu proses deputat Cavanşir Feyziyevin təhqir etdiyi media nümayəndələrindən, partiya rəhbərlərindən, ictimai xadimlərdən üzr istəməsi ilə nəticələnsin, bununla da böhran aradan qalxsın. Əlbəttə, onun bunu edib-etməyəcəyini demək çətindir. Amma onun ictimaiyyət qarşısında təhqir etdiyi şəxslərdən üzr istəməsi həqiqətən müdrik addım olardı.
Əslində, bu prosesin arxasında Feyziyevin görə bilmədiyi, eləcə də media nümayəndələrinin təsəvvür etmədiyi müəyyən bir dalğa var. Bax, o dalğanın qarşısını almaq üçün hesab edirəm ki, bu böhranı təcili surətdə aradan qaldırılmalıyıq.
Bilirsiniz, hazırda Azərbaycanda əksər məmurların gəlir mənbəyi hər kəsə aydındı. Təbii ki, bu hər kəsə aid deyil, halal zəhməti ilə dolanan məmurlarımız da var. Amma bu başqa söhbətin mövzusudur. Bizim mövzumuz konkret olaraq yaranmış vəziyyətə bizim medianın reaksiyası və Feyziyevin buna münasibəti və bunun nəticəsində yaranmış böhrandır. Artıq qeyd etdiyim kimi, yaranmış böhranın aradan qaldırılmasının yeganə yolu millət vəkilinin bizim həmkarlardan üzr istəməsidir. Bu gün media nümayəndələrinin dirəniş nümayiş etdirərək öz şərəf və ləyaqətlərini müdafiə etmələri çox təbiidir. Yadınızdadırsa, vaxtı ilə deputatlardan biri polisə sillə vurmuşdu, buna görə onu deputatlıq hüquqlarından məhrum etdilər. Düz də etdilər, çünki millət vəkili cəmiyyət qarşısında öz məsuliyyətini dərk etməlidir, o, ictimai fiqurdur, onun danışığı, davranışı nümunəvi olmalıdır. O, hər zaman diqqət mərkəzindədir və bunu unutmamalıdır.
Cavanşir Feyziyevin Mətbuat Şurasından istefa verməsinə gəldikdə isə, şəxsən mənimçün bununu heç bir ciddi əhəmiyyəti yoxdur. Çünki, dediyim kimi, Şura ölü bir qurumdur. Feyziyevin Şuradan istefa verməsində də heç bir müdriklik görmürəm. Müdriklik onda olardı ki, insanları təhqir etməsin, emosional vəziyyətdə nalayiq ifadələr işlədibsə belə, müdriklik göstərib həmin insanlardan üzr istəməlidir. Vəssalam”.
“Nədənsə, bizdə həmişə media nümayəndəsi, jurnalist “günahkar” olur”
"Ayna"-"Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı:
“Ümumiyyətlə, bu məsələnin nədən irəli gəldiyini araşdıranda anlayırsan ki, hər iki tərəfdə günah var. Bəzən mətbuatda gedən hər hansı bir məlumat ilkin mənbədən yanlış gəlir, biz onu təkrarlayırıq, amma sözügedən məlumata düzəliş ediləndə, biz o düzəlişi vermək istəmirik. Düzəlişi vermirik, əvəzində qarşı tərəfə “rüşvətxor”, “korrupsiyaçı”, “alçaq”, “vicdansız”, deyirik, “dərman oğrusu” adlandırırıq, “varlanıb, qudurub, ölkənin malını kənara daşıyır” ittihamı səsləndiririk. Halbuki, bunların çoxunun arxasında heç bir dəlil-sübut olmur, yəni hüquqi cəhətdən əssassız olan ittihamlıar səsləndirilir. Mən heç kəsin əl-üzünü yumaq fikrində deyiləm. Sadəcə bildirirəm ki, media nümayəndələri yalnız faktlara söykənməlidirlər. Təbii ki, mülahizə yürütmək olar, amma hökm verməyə haqqımız yoxdur.
Sonradan London Məhkəməsi 15 milyon funt sterlinqin 10 milyona yaxınının həbs altından çıxarılmasına dair qərar verir. 5 milyonun taleyi isə, deyilənə görə, Beynəlxal Bank vasitəsilə Londona köçürüldüyü üçün hələlik sual altındadır. Əgər nüfuzlu dərgi olan “The Guardian” məlum məsələ ilə bağlı bu detalları ictimailəşdirirsə, yəni ilkin məlumata düzəliş edirsə, biz bunu nəzərə almalıyıq. Biz isə nədənsə yazılanların birinci hissəsini nəzərə alırıq, ikinci hissəsini isə görməzdən gəlirik. Çünki hazırda ümumən cəmiyyətimizdə nəsə narazılıq var. Cəmiyyət kin püskürür. İmkanlı şəxslərə qəribə yanaşma var: əlindəkini bizə verməlisən. Nəyə görə verməli olduqları məlum deyil. Bu adam o var-dövləti qazanıb. Hansı yollarla qazanması isə başqa söhbətin mövzusudur. Onun cinayətkar olduğunu sübut etmək lazımdır.
Həmçinin, qarşı tərəf də media nümayəndələrini “satılmış”, “xarici agent” və s. kimi epitetlərlə “makafatlandırmamalıdır”. Ola bilsin, Cavnşir Feyziyev hissə qapılıb, emosiyalarına hakim ola bilməyib, amma bu millət vəkilinə yaraşan hərəkət deyil. Yəni, dediyim kimi, hər iki tərəfdə günah var. Əgər sözügedən proses davam edərsə, iddia qaldırılacağı təqdirdə hüquqi müstəvidə, məhkəmə tərəfindən araşdırılmalıdır, bundan sonra qərar verilməlidir.
Ümumiyyətlə isə, mən bu cür qalmaqalları, hansısa millət vəkilinin media nümayəndələrini bu şəkildə aşağılamasını və yaxud heç bir əsas olmadan cibində pulu olan adamın media nümayəndələri tərəfindən ittiham edilməsini qəbuledilməz sayıram.
Əgər məlum şəxsin ailəsinə məxsus şirkətlər 100 milyon vergi ödəyirsə, demək bu adam heç də ilk baxışda göründüyü kimi, oğru deyil. Bax, biz bütün bunları nəzərə almalıyıq. Məsələ bundadır ki, bizim cəmiyyət hələ kiminsə milyonçu, kiminsə yoxsul olmasını normal hal kimi qəbul edə bilmir. Biz kommunizm rejimində, Sovet İttifaqında yaşamırıq. Sovetlər dönəmində hamıya eyni gözdə baxılırdı, bacarıqlıya da, bacarıqsıza da. Buna görə də Sovet hökuməti dağıldı. Problem ondadır ki, dövran dəyişsə də, münasibət dəyişməyib.
Bizim bir çox media nümayəndələri, mən özüm də media mənsubuyam, yəni deyilən sözlərin mənə də aidiyytı var, yəqin ki, oxucu auditoriyası yığmaq, oxucunun gözündə daha samballı görünmək xatirinə “gözlərini yumub, ağızlarını açırlar”. Bu, yolverilməzdir. Mediya nümayəndələri dəqiq işləməlidirlər. Biz “4-cü hakimiyyət” olduğumuzu unutmamalıyıq.
Bəli, millət vəkili bizneslə məşğul ola bilməz. Çox guman ki, araşdırılsa, məlum olacaq ki, Cavanşir Feyziyev rəsmən heç bir müəssisənin təsisçisi deyil, demək bu məsələ ilə bağlı onu ittiham edə bilmərik. Oğlunun biznesi var, çünki əvvəldən iş adamı olub. İnanın ki, heç birini tanımıram. Sadəcə, sənədsiz, faktsız danışa bilmərəm.
İkincisi də hamının dediyi odur ki, bu adamın milyonları var, nə üçün paylamır? Niyə paylamalıdır? Kiməsə borcu var bəlkə? Bu adamın Azərbaycanda fabriki, zavodu, ümumiyyətlə hər hansı müəssisəsi varsa, demək, ölkə üçün nə isə edir, ən azından iş yerləri açıb, əhalinin müəyyən bir hissəsini dolandırır. Həmin müəssisələrdə iş şəraiti necədir, deyə bilmərəm, buna orada işləyənlər qiymət verə bilər. Sadəcə, artıq qəbul etməliyik ki, kapitalizm cəmiyyətində varlı da olacaq, kasıb da. Başqa iqtisadi mexanizm yaradılmayıb hələ. Hazırda bütün dünyada bu belədir. Dünyanın ən çox inkişaf etmiş kapitalist dövləti olan Amerikada da varlısı da var, kasıbı da, ağıllısı da var, səfehi də, vicdanlısı da var, fırıldaqçısı da. Amma orada heç bir qəzet müxbiri, heç bir jurnalist boş-boşuna kimisə “korrupsiyaçı” adlandıra bilməz.
Misal üçün, Almaniyanın “Bilt” dərgisinin ölkənin o zamankı prezidenti Volfu ictimai qınaq yolu ilə, tamamilə qanuni olaraq istefaya göndərməsindən 10 ildən çox vaxt ötür. Yəni medianın gücü budur.
Bizdə isə nədənsə həmişə media nümayəndəsi, jurnalist “günahkar” olur. Təəssüf ki, əksər hallarda jurnalistlərin özü bu və ya digər dərəcədə buna şərait yaradır. Çünki, artıq dediyim ki, əllərində dəlil-sübut olmadan kimisə nədəsə ittiham edirlər.
Hazırladı: RUNA
P.S. Milli Məclisin deputatı Cavanşir Feyziyev Mətbuat Şurasının İdarə Heyətindən istefa verdikdən sonra jurnalistləri təhqir etdiyi statusunu da səhifəsindən silib. Sizcə, bunu peşmançılıq kimi qəbul etmək olar?