📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çavuşoğlu Baydenin erməni iddialarına cavab verdi: “Şarlatanlar yenə səhnədədirlər!”

2023-04-24 17:09:00

Çavuşoğlu Baydenin erməni iddialarına cavab verdi: “Şarlatanlar yenə səhnədədirlər!”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Tvitter” hesabındakı paylaşmasında ABŞ Prezidenti Cozef Baydenin 1915-ci il hadisələri ilə bağlı açıqlamasına cavab verib.

Çavuşoğlu yazıb: “Tarixi təhrif eləməyə çalışan siyasi şarlatanlar yenə səhnədədirlər! Siyasi açıqlamalarla tarix yenidən yazıla bilməz. Bu mövqelərində israr edən fürsətçilər, pis niyyətləri və ikiüzlülükləri ilə xatırlanacaqlar. Uca türk millətinə tarix dərsi vermək heç kimin həddi deyildir”.

ABŞ Prezidenti Bayden aprelin 24-də 1915-ci il hadisələri ilə bağlı erməni iddiaları mövzusundakı yazılı açıqlamasında “soyqırım” ifadəsini işlədib.

Türkiyənin Xarici İşlər Nazirliyi yazılı açıqlama verərək, bu erməni iddialarını gündəmə gətirən bəzi hökumətlərə və məmurlara etirazını bildirib. Həqiqətlə və beynəlxalq hüquqla uzlaşmayan yanlış açıqlamaları “tarixi siyasi motivlərlə yenidən yazmaq üçün əbəs cəhdlər” adlandıran bəyanatda deyilir: “Heç kəs unutmamalıdır ki, 1915-ci il hadisələri siyasətçilərin öz planlarına və daxili siyasi mülahizələrinə görə müəyyən edilə bilməz. Belə yanaşma yalnız tarixin saxtalaşdırılmasına gətirib çıxarır. Bu qərəzli mövqedə qalmaqda israr edənlər tarixdə ucuz siyasi fürsətçi kimi yadda qalacaqlar. Bizim üçün etibarsız olan bu açıqlamaları rədd edir və bu yanlışda israr edənləri ən sərt şəkildə qınayırıq”.

Heç kimin və heç bir təşkilatın Türkiyəyə öz tarixi ilə bağlı dərs verə bilməyəcəyi vurğulanan bəyanatda deyilir: “Dar düşüncəli siyasi hesablamalara xidmət edən, tarixdən düşmənçilik çıxarmağa çalışan bu dairələri bu dəhşətli səhvlərini düzətməyə, təklif etdiyimiz Ortaq Tarix Komissiyasını dəstəkləməyə və və ölkəmizin liderlik etdiyi regional sülhü dəstəkləmək və əməkdaşlıq səylərinə töhfə verməyə çağırırıq”.

Hürr Tərcüman