Çavuşoğlu NATO-nu Ukrayna ilə Gürcüstanın alyansa daxil olmaq səylərini dəstəkləməyə çağırdı
Hurriyyet.az “Ukrainforum”a istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO-nu Ukrayna ilə Gürcüstanı alyansa qəbul eləməyə çağırıb. Çavuşoğlu Təhlükəsizlik üzrə Varşava Forumundakı çıxışında NATO-nun Gürcüstanla Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, bu iki ölkənin hərbi ittifaqa daxil olmasına şərait yaratmalı olduğunu söyləyib.
Türkiyənin Xarici İşlər naziri deyib: “Əlbəttə, biz Qara dəniz sahilində yerləşən iki ölkəni – Ukrayna ilə Gürcüstanı dəstəkləməliyik. Amma təkcə onların ərazi bütövlüyünü dəstəkləməklə kifayətlənməməliyik, onların imkanlarını gücləndirməliyik – buraya onların NATO ilə münasibətlərini inkişaf etdirmək sətləri daxildir. Biz bu səyləri yaxşı bilirik. Təəssüf ki, digərləri deyil, yalnız Türkiyə ilə Polşa kimi NATO müttəfiqləri bu məsələni hər bir sammitdə, nazirlərin hər bir görüşündə qaldırır”.
Çavuşoğlu öz çıxışında Krımın Ukraynaya məxsus olduğunu da xatırladıb: “Biz Krımın qanunsuz ilhaqını tanımırıq və tanımayacağıq. Mən Krım platformasında da bunu təkrar etmişəm”.
Çavuşoğlu qeyd edib ki, Qara dəniz regionu Avroatlantika təhlükəsizliyi üçün mühüm regionlardan biridir, ona görə də Qara dəniz regionunda qüvvələrin toplaşması NATO tərəfindən daimi diqqət tələb edir.
Hürr Tərcüman