Çavuşoğlu Yunanıstana səsləndi: “Külək əkəni fırtına biçər”
Hurriyyet.az “Anadolu agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Yunanıstanın “təxribatçı fəaliyyətini” dayandırmayacağı təqdirdə, Türkiyənin Egey adalarının suverenliyi məsələsini qaldıra biləcəyini bəyan edərək deyib: “Silahsızlaşdırılmış adaların statusunu pozmaqdan vaz keçməlidirlər. Ya Yunanıstan geri addım ataraq razılaşmalara riayət edəcək, ya da biz lazım olanı edəcəyik”.
Rumıniyalı həmkarı Boqdan Auresku ilə görüşdən sonra mətbuat konfransında çıxış edən Çavuşoğlu Yunanıstanın Rodos və Midilli adalarında reallaşdırdığı hərbi təlimlə bağlı sualın cavabında deyib: “Təəssüf ki, Yunanıstan təxribata davam edir. Təbii ki, bizim buna səssiz qalmağımız mümkün deyil”.
Çavuşoğlu deyib: “Həmin adalar da daxil olmaqla, bir sıra adalar 1923-cü il Lozanna və 1947-ci il Paris sülh müqavilələri ilə Yunanıstana verilib və bir şərtlə verilib ki, Yunanıstan həmin yerləri silahlandırmasın. Çünki bu müqavilələrin adı sülh müqaviləsidir və Yunanıstan buralara silah gətirə bilməz”.
Yunanıstanın əhd öhdəliklərini yerinə yetirmədiyini bildirən Çavuşoğlu söyləyib: “Kimə qarşı edir? Türkiyəyə qarşı. Yəni əslində sülhü istəməyən Yunanıstan sülh razılaşmalarını pozur. Biq hüquqi dəlillərimizi BMT-yə göndərdikdən sonra verdikləri cavablara baxdığımız zaman tamamilə siyasi, demoqogiya məzmunlu cavablar görürük. Çünki haqsızdırlar. Ortaya hüquqi arqumentlər qoya bilmirlər”.
Çavuşoğlu Ərdoğanın “Bir gecə qəflətən gələ bilərik” deyimini xatırladıb: “Biz bunlara səssiz baxa bilmərik. Lazımi adımları həm hüquqi zəmində, həm də BMT başda olmaqla, beynəlxalq təşkilatlar nəzdində, həm də meydanda atmağa davam edəcəyik. Lazımi bütün tədbirləri görəcəyik. Yunanıstan bunu unutmasın: külək əkəni fırtına biçər. Sülh istəmirsənsə, biz də lazım gələni edərik. Bir gecə qəflətən”.
Hürr Tərcüman