Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi üçün yeni inzibati bina tikilərək istifadəyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirilib ki, inzibati binanın açılışında ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin rəhbər heyəti iştirak ediblər.
İki mərtəbədən ibarət olan bina müasir tələblərə uyğun inşa edilib və müasir avadanlıqlarla təchiz olunub. Burada rəhbər heyət üçün otaqlar, laboratoriya, energetik və mexanik otaqları, SCADA otağı, iqtisadiyyat və uçot, hüquq və insan resursları şöbələri, mühasibatlıq və digər xidməti otaqlar yaradılıb.
İnzibati binanın 2 hektar ərazini əhatə edən həyətyanı sahəsində isə anbar binası, texniki işçilər üçün əlavə tikili, sanitar qovşağı və digər yardımçı tikililər inşa olunub.
Yeni inzibati bina ilə tanışlıq zamanı Zaur Mikayılova Cəbrayıl şəhərində görülən işlər və su təchizatı infrastrukturu barədə məlumat verilib.
Qeyd olunub ki, ərazidə məskunlaşan sakinlərin su təminatının həyata keçirilməsi məqsədilə rayon ərazisində 9 subartezian quyusu qazılıb, ümumi tutumu 7 min kubmetr olan 3 su anbarı tikilib. Su anbarlarının dezinfeksiyası üçün elektroliz qurğusu da istifadəyə verilib.
Məlumata görə, Cəbrayıl şəhərində ilkin mərhələdə 712 ailə üçün mənzillər inşa edilib. Hazırda 695 ailə şəhərə köçərək məskunlaşıb.
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi su təminatının yaxşılaşdırılması və mövcud infrastrukturun dayanıqlı fəaliyyətinin təmin olunması istiqamətində fəaliyyət göstərir.