📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Çeçenistan yenidən müstəqilliyi qismən tanınmış ölkə oldu" - XAQANİ CƏFƏRLİ

2021-08-31 11:25:00

"Talibanın indiki rəhbərliyinin hərəkatın banisi Molla Məhəmməd Ömərin Çeçenistanın müstəqilliyinin tanınmması ilə bağlı qərarını ləğv edəcəyi mümkün görünmür"

"Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsi və Əfqanıstan İslam Əmirliyini bərpa etdiyini elan etməsi ilə Çeçenistan müstəqilliyi yenidən qismən tanınmış oldu. Taliban birinci hakimiyyəti dövründə, 2000-ci ildə Çeçenistanın müstəqilliyini tanımışdı. Çeçenistanın müstəqilliyinin Əfqanıstan tərəfindən tanınması qərarı o zaman Talibanın ali lideri olan Molla Məhəmməd Ömər tərəfindən şəxsən qəbul olunmuşdu". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Xaqani Cəfərli deyib.

Bununla da Çeçenistanın müstəqilliyi qismən tanınmış ölkəyə çevrildiyini vurğulayan politoloq qeyd edib ki, ABŞ-ın 2001-ci ildə Talibanı hakimiyyətdən devirməsi və Əfqanıstan İslam Əmirliyinin əvəzində Əfqanıstan İslam Respublikasının qurulmasına nail olması Çeçenistanın müstəqilliyinin qismən tanınması faktını aradan qaldırmışdı: "İndi isə Taliban yenidən hakimiyyətə gəlib və Əfqanıstan İslam Əmirliyini bərpa edib. Bununla da Çeçenistan müstəqilliyinin qismən tanınması da bərpa olub. Talibanın indiki rəhbərliyinin hərəkatın banisi Molla Məhəmməd Ömərin Çeçenistanın müstəqilliyinin tanınmması ilə bağlı qərarını ləğv edəcəyi mümkün görünmür. Abxaziya və Cənubi Osetiyanın Nikaraqua və Nauru kimi ölkələr tərəfindən tanınmasını əlində bayraq edərək bu separatçı bölgələri müstəqilliyi qismən tanınmış ölkə kimi təqdim edən Moskva Çeçenistanın da müstəqilliyinin qismən tanınmış ölkəyə çevrilməsi məsələsinin üzərindən sükutla keçir".

Xaqani Cəfərlinin sözlərinə görə, ABŞ-ın Əfqanıstandan çəkilməsini və Talibanın hakimiyyəti təkrar ələ keçirməsini Vaşinqtonun hərbi-siyasi məğlubiyyəti kimi təqdim edən və bundan böyük sevinc hissi keçirən Moskva Kabulda baş verən hakimiyyət dəyişikliyindən sonra Çeçenistanın da müstəqilliyinin qismən tanınmış ölkəyə çevrildiyini hələ anlamayıb: "Və yaxud da ABŞ-a nifrət o qədər güclüdür ki, Talibanın Rusiyanın ərazi bütövlüyünü tanımaması və Çeçenistanın müstəqilliyini tanınması ikinci dərəcəli məsələ kimi qəbul olunur. Əks halda Rusiya Xarici İşlər Nazirliyi Rusiya Ali Məhkəməsinin qərarı ilə terrorçu təşkilat kimi tanınan Taliban hərəkatının Əfqanıstanın əyalətlərini ələ keçirməsini müsbət hadisə kimi dəyərləndirməzdi".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az