Çempionlar Liqası: "Qarabağ" ilk sınağına çıxır - YENİLƏNİR
Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinə start veriləcək.
Ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək "Qarabağ" da avrokubok mövsümündə ilk sınağına çıxacaq.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Polşanın "Lex" klubunun qonağı olacaq.
Bir əsrlik yaşı olan, konkret, bu il 100 illiyini qeyd edən Poznan klubu səkkizqat ölkə çempionu və Polşa Kubokunun beşqat qalibidir. "Lex" indiyədək Azərbaycan klubları ilə 4 dəfə qarşılaşıb. İlk dəfə 2005-ci ildə UEFA İntertoto Kubokunda "Karvan"la münasibətlərinə aydınlıq gətirən polşalılar hər iki görüşdə qalib gəlib (2:1, 2:0).
2008/2009 mövsümündə UEFA Kubokunun I mərhələsində "Xəzər Lənkəran"a rəqib olan "Lex" yenə bizimkiləri çətinlik çəkmədən üstələyib - 1:0, 4:1. Poznan təmsilçisinin Azərbaycan klubları ilə yolu üçüncü dəfə 2010-cu ildə kəsişib. Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində "İnter"lə (hazırki "Şamaxı") qarşılaşan Polşa klubu Bakıdakı ilk matçda 1:0 qalib gəlməsinə baxmayaraq, öz meydanında eyni hesabla uduzub. Əlavə vaxtda da qol olmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Təəssüf ki, "Lex" "lotoreya"da bakılıları 9:8 üstələyərək mərhələni adlayan tərəf olub.
Polşa çempionunun Azərbaycan təmsilçiləri ilə növbəti dueli yenə "Xəzər Lənkəran"a qarşı olub. 2012-ci ildə Avropa Liqasının II təsnifat mərhələsində iki görüşün yekununda sevinən tərəf poznanlılar olub - 1:1, 1:0.
Beləliklə, "Qarabağ" "Lex"lə 5-ci cəhddə bu komanda ilə görüşlərdəki uğursuzluğa son verməlidir. Axı Ağdam klubu son dönəmlərdə polşalılara qarşı uğurlu çıxışı ilə adından söz etdirib. Qurban Qurbanovun komandası 2010-cu ildə Krakov "Visla"sını (1:0, 3:2), 2013-də "Pyast"ı (2:1, 2:2 - ə.v.), 2020-də "Legiya"nı (3:0) mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 12-də Bakıda - Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
5 iyul
22:00 Qarabağ - Lex (Poznan, Polşa)
Hakimlər: Xose Luis Munuera, Pau Sebrian, Antonio Martines Moreno, Xorqe Fiqeroa Vaskes (hakimlər İspaniyadandır)
Poznan. "Poznan" stadionu \\Fanat.Az