Cənubi Qafqazda güc balansı dəyişir: Azərbaycan ön plana çıxır
Cənubi Qafqazda son dövrlər müşahidə olunan siyasi proseslər regionun uzun illər ərzində formalaşmış geosiyasi mənzərəsinin dəyişdiyini göstərir. Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəliləməsi, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması istiqamətində aparılan müzakirələr artıq yalnız iki dövlətin münasibətləri çərçivəsində qiymətləndirilmir.
Bu proseslər bütövlükdə Cənubi Qafqazın gələcək təhlükəsizlik sisteminə, iqtisadi inteqrasiya imkanlarına və böyük güclərin regiondakı maraqlarına təsir göstərir. Xüsusilə Azərbaycanın yaratdığı yeni siyasi reallıqlar fonunda regional əməkdaşlığın əvvəlki münaqişə məntiqindən uzaqlaşması üçün imkanlar formalaşıb. Lakin bu imkanların davamlı nəticəyə çevrilməsi hələ də bir sıra siyasi qərarlardan asılıdır.
Son günlər diqqət çəkən məsələlərdən biri Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sərhədlərin delimitasiyası ilə bağlı açıqlamasıdır. Ermənistan rəsmisi TRIPP layihəsi çərçivəsində nəzərdə tutulan nəqliyyat infrastrukturu boyunca delimitasiya işlərinə üstünlük verilə biləcəyini bildirib. Bu yanaşma göstərir ki, İrəvan artıq nəqliyyat kommunikasiyalarının açılmasını sərhəd məsələlərindən tamamilə ayrı proses kimi nəzərdən keçirmir. Əslində, burada mühüm siyasi məqam var. Uzun müddət regional kommunikasiyalarla bağlı müxtəlif şərtlər irəli sürən Ermənistan indi həmin layihələrin həyata keçirilməsi üçün konkret texniki və hüquqi mexanizmlərin müəyyənləşdirilməsi zərurəti ilə üzləşib. Bununla belə, delimitasiyanın növbəti mərhələsinin vaxtı və ardıcıllığı barədə yekun razılaşmanın əldə olunmaması prosesin hələ də həssas olduğunu göstərir.
Azərbaycan üçün əsas strateji məsələlərdən biri ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat əlaqəsinin təmin edilməsidir. TRIPP layihəsi bu baxımdan təkcə regional infrastruktur təşəbbüsü deyil, həm də Azərbaycanın uzunmüddətli geoiqtisadi maraqları ilə bağlı mühüm layihədir. Yeni nəqliyyat xəttinin reallaşması Türkiyə ilə quru əlaqələrinin genişlənməsinə, Orta Dəhlizin imkanlarının artmasına və Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların daha səmərəli təşkilinə şərait yarada bilər. Burada diqqət çəkən digər məqam ABŞ-nin prosesə birbaşa maraq göstərməsidir. Vaşinqtonun təşəbbüsdə iştirakı Cənubi Qafqazda iqtisadi layihələrin artıq daha geniş geosiyasi rəqabətin tərkib hissəsinə çevrildiyini göstərir.
Bu proseslər, təbii olaraq, Rusiya və İranın da diqqət mərkəzindədir. Moskva uzun illər Cənubi Qafqazda nəqliyyat və təhlükəsizlik mexanizmləri üzərində mühüm təsir imkanlarına malik olub. ABŞ-nin yeni regional layihələrdə fəallaşması isə Rusiyanın ənənəvi təsir alətlərinin gələcəyi ilə bağlı suallar yaradır. İranın yanaşması da kifayət qədər ziddiyyətlidir. Tehran bir tərəfdən regional kommunikasiyaların inkişafında maraqlı olduğunu bildirir, digər tərəfdən isə Ermənistanın cənubunda ABŞ-nin iştirakının genişlənməsinə ehtiyatla yanaşır. Əslində, İranın narahatlığı yalnız nəqliyyat marşrutları ilə məhdudlaşmır. Burada əsas məsələ regionda yeni siyasi və iqtisadi təsir mexanizmlərinin formalaşması və Tehranın həmin proseslərə təsir imkanlarının zəifləməsi ehtimalıdır.
Azərbaycan-Ermənistan münasibətlərində diqqət yetirilməli digər məsələ sülh sazişinin yekun imzalanmasıdır. Tərəflər arasında müəyyən razılaşmaların əldə olunması, sərhədlərin bir hissəsinin delimitasiyası və iqtisadi əlaqələrin ilkin elementlərinin yaranması müsbət dinamika kimi qiymətləndirilə bilər. Lakin bu, bütün problemlərin aradan qalxması demək deyil. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı Bakının irəli sürdüyü məsələ hələ də sülh prosesinin əsas siyasi maneələrindən biridir. Azərbaycan üçün davamlı sülh yalnız sənədin imzalanması deyil, gələcəkdə yeni ərazi iddialarının meydana çıxmasını istisna edən hüquqi və siyasi təminatların yaradılması deməkdir. Bu baxımdan İrəvanın daxili siyasi qərarları da münasibətlərin normallaşmasının sürətinə təsir göstərəcək.
Bütövlükdə, Cənubi Qafqazda baş verənlər Azərbaycanın regional siyasətində yeni mərhələnin formalaşdığını göstərir. Artıq əsas gündəm müharibədən sonrakı təhlükəsizlik məsələləri ilə yanaşı, iqtisadi əlaqələrin qurulması, nəqliyyat dəhlizlərinin inkişafı və regionun beynəlxalq ticarət sistemində rolunun artırılmasıdır. Azərbaycan bu prosesdə həm coğrafi mövqeyi, həm enerji və nəqliyyat imkanları, həm də Türkiyə və digər tərəfdaşlarla münasibətləri hesabına mühüm üstünlüklərə malikdir. Bununla belə, qarşıdakı mərhələdə əsas uğur göstəricisi diplomatik bəyanatlar deyil, əldə olunan razılaşmaların real layihələrə çevrilməsi olacaq. Əgər tərəflər mövcud siyasi imkanlardan düzgün istifadə edə bilsələr, Cənubi Qafqaz uzun illər davam edən qarşıdurma məkanından beynəlxalq əməkdaşlıq və tranzit mərkəzinə çevrilə bilər. Bu transformasiyanın əsas hərəkətverici qüvvələrindən biri isə Azərbaycanın həyata keçirdiyi regional siyasət olacaq