"Çərə xəstəsən, cəhənnəmə xəstəsən!" - Deputatdan əlilliyi təyin edən həkimlərlə bağlı sərt AÇIQLAMA
Son günlər əlilliyin təyin edilməsiylə bağlı narazılıqlar mövcuddur. Vətəndaşların bir çoxu iddia edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyin təyin edilməsi düzgün aparılmır və yaxud da sənədlərlə bağlı süründürməçilik halları mövcuddur. Məlum olduğu kimi, son bir neçə ayda əlillik müavinətləri kəsilən vətəndaşlarımız da var. Bununla bağlı məsələnin Milli Məclisin plenar və komitə iclaslarında qaldırılmasına baxmayaraq, hələ də konkret addımlar atılmamaqdadır. Hətta bəzi deputatlar əlilliyin təyin edilməsi məsələsinin ƏƏSMN-dan alınıb, "Asan Xidmət"ə verilməsini təklif ediblər.
Hurriyyet.org bildirir ki, mövzu ilə əlaqədar Sonxeber.az saytına açıqlama verən deputat Razi Nurullayev bildirib ki, həkim komissiyalarının öz şəxsi maraqları olmadığına və yalnız maaşa işlədiklərinə görə, onlar vətəndaşa can yandırmaq istəmir, "Çərə xəstəsən, cəhənnəmə xəstəsən!" deyirlər:
"Demək olar ki, mən həftədə bir dəfə ƏƏSMN-nin yüksək çinli əməkdaşları və cənab nazirlə əlaqə saxlayıram. Həmçinin, Tibbi Sosial Ekspertiza Komissiyasının sədri ilə də əlaqəm olur. İşçi qaydasında da bir neçə nəfərin problemlərini həll edirik.
Verilən məlumatlara görə, bu məsələlərlə bağlı işlər gedir və hər şey gözəl olacaq. Hətta deyirlər ki, xarici ölkələrin nümayəndələri Azərbaycana gələndə bizə həsəd aparırlar. Zənnimcə, bu "gözəlliklər" sadəcə kağız üzərindədir. Praktikada isə hər şey tamam fərqlidir. Xaricilər isə nəzəriyyəni izləyir və görürlər ki, hər şey gözəldir, əmələ gəldikdə isə, yox.
Məsələn, haqqı olan kifayət qədər insanların pensiyaları kəsildi. Üzərindən 8-9 ay keçsə belə, bəziləri öz müavinətlərini ala bilmirlər. Hər bir rayonun rəhbərliyi və o rayonda yerləşən regional aidiyyatı qurumlar mövcuddur. Həkimlərin bəziləri ikibaşlı diaqnozlar qoyurlar. Bu "ikili standartlar"dan baş aça bilməyən komissiyalar da bunu saxta qəbul edir. Tutaq ki, serebral iflicdən əziyyət çəkən, bədənin hər hansı bir yeri amputasiya edilən, parkinson xəstəsi olan şəxslər, sizcə, sağala bilər? Əlbəttə, xeyr. Dünyanın heç bir yerində bunun müalicəsi yoxdur. Birdəfəlik sistemə vurulmalıdır ki, serebral iflicin, parkinsonun sağalma ehtimalı yoxdur. Orada elə cümlələr qurulmalıdır ki, sonrakı mərhələdə hansısa suallar yaranmasın. Serebral iflic yazılıbsa, bunun nəyini müalicə edəcəklər? Bu şəxsin birbaşa pensiyasını təyin edin, bitsin! Bu sistemi elə qurmaq lazımdır ki, "qurunun oduna yaş da yanmasın".
Ümid edirəm ki, bu məsələlərlə bağlı konkret şəkildə sürətləndirici qərarlar veriləcək. Yerli idarələrə də ciddi tapşırılacaq ki, nəyisə gözləməsinlər, vətəndaşlar 7-8 ay idarə qapılarında qalmasınlar. Axı bu insanın da yeməyə haqqı var.
Lakin düşünmürəm ki, bunlar ƏƏSMN rəhbərliyi səviyyəsində baş verir. Problemlər həmin komissiyaların qərarları nəticəsində yaranır. Əvvəllər insanlar gəlib, pulunu verirdi, "mahnısını çaldırırdı". Hər şey rüşvətlə həll edilirdi. Bu gün rüşvət yığışdırılıb deyə, bu insanların yeni sistemə adaptasiyası çox çətin olur. Məsələn, orada işləyən həkim ayda 500 manat alır. Rüşvətlə isə aylıq qazancı 1500-2000 manata, bəzilərində isə 5-10 minə qədər çıxırdı. Həmin həkim düşünür ki, 500 manata insanların problemini həll etməyə dəyməz: "Çərə xəstəsən, cəhənnəmə xəstəsən!" deyən həkimlərin öz şəxsi maraqları olmadığına və yalnız maaşa işlədiklərinə görə vətəndaşa can yandırmaq istəmirlər.
Tək burada deyil, bütün dövlət idarələrində maaşından əlavə gəlirlərlə dolanan kəslər olub. İndi yalnız maaş alırlar deyə, onlara vətəndaşla işləmək, vətəndaşı qəbul etmək maraqlı gəlmir. İş saatının bitməsinə 10 dəqiqə qalmış da çıxıb gedirlər. Vətəndaşa gözucu baxırlar, onu dağa-daşa salırlar, süründürürlər. Rüşvətə öyrəşən insanlar yeni sistemi çox da qəbul etmirlər. Düşünürəm ki, bu sistemi "yerinə oturtmağa" uzun illər sərf edilməlidir. Məmurlara rüşvətsiz işləyib, vətəndaşa qulluq etməyi öyrətmək üçün illər lazımdır. İndi bu rüşvət sistemini birdən-birə kəsib atanda, əlbəttə ki, işləmək istəməyəcəklər".
Rafi Müslümov