📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çin hipersəs silahlarına görə ABŞ-ni üstələyib - Amerika kəşfiyyatı həyəcan təbili çalır

2024-03-13 12:52:01

Çin hipersəs silahlarına görə ABŞ-ni üstələyib - Amerika kəşfiyyatı həyəcan təbili çalır

“Çin hipersəs silahlarının hazırlanmasında Rusiya və ABŞ-ni əhəmiyyətli dərəcədə qabaqlayır”.

Hurriyyet.az xəbər verir ki, bunu ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin (DİA) rəhbərlərindən biri çərşənbə axşamı konqresdə keçirilən dinləmələrdə bildirib.

DİA-nın məlumatına görə, Çin həm nüvə, həm də adi döyüş başlıqlarını daşıya bilən hipersəs silahlarının böyük arsenalını toplayıb. Amerikalı mütəxəssislər 2020-ci ildə istifadəyə verilən və 1600 kilometrə qədər məsafədəki hədəfləri vura bilən DF-17 raketini ən effektiv adlandırırlar. 2021-ci ildə sınaq zamanı hipersəs döyüş başlığına malik Çin raketi dünya ətrafında dövr edib. Pentaqonun nümayəndələrinin dediyi kimi, Rusiya artıq Ukraynaya zərbələr endirmək üçün üç növ hipersəs silahından istifadə edir.

DİA əməkdaşı, alim Paul Freistler dinləmədə vurğulayıb ki, Çin və Rusiya hipersəs silahlarının çoxsaylı uğurlu sınaqlarını keçirib və onları döyüş növbəsinə qoyub. Bununla belə, Çin həm sistemlərin sayına, həm də onları dəstəkləmək üçün lazım olan infrastruktura görə Rusiyanı qabaqlayır. Onun sözlərinə görə, son iyirmi il ərzində Çin bu silah növünün tədqiqi, yaradılması və sınaqları ilə fəal məşğul olub. 2024-cü ildən Pekin hipersəs idarə olunan döyüş başlıqları ilə qitələrarası raketləri sınaqdan keçirəcək.

ABŞ də qurudan, havadan və dənizdən buraxılan raketləri inkişaf etdirən hipersəs silahları proqramını gücləndirir. Bununla belə, dinləmədə deyildiyi kimi, ABŞ bu sahədə Çin və Rusiyadan geri qalır. Üstəlik, ABŞ hipersəs raketlərini nüvə başlıqları ilə təchiz etməyi planlaşdırmır. Belə hesab edir ki, Amerikanın hazırkı nüvə arsenalı potensial təcavüzkarın qarşısını almaq üçün kifayətdir.

azpolitika.info