📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Çin olmadan Rusiyanın sanksiyalardan az itki ilə çıxması mümkün deyil" - ZAUR MƏMMƏDOV

2022-03-18 11:22:00

"Pekin yaxşı bilir ki, Rusiyadan sonra növbəti hədəf Çindir, digər tərəfdən, Rusiya ilə münasibətləri dayandırmadıqları təqdirdə, ABŞ tərəfindən üzləşəcəkləri riskləri də nəzərə alırlar"

"Bu gün olduqca vacib Çin-ABŞ liderləri arasında telefon danışığı olacaq. Bayden Pekinlə Rusiya məsələsini müzakirə etməkdə israrlıdır". Hurriyyet.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib.

Bakı Politoloqlar Klubunun rəhbərinin sözlərinə görə, məsələ burasındadır ki, Çin olmadan Rusiyanın sanksiyalardan az itki ilə çıxması mümkün deyil: "Öz növbəsində, Çin çətin sınaq qarşısındadır. Bir tərəfdən, Pekin yaxşı bilir ki, Rusiyadan sonra növbəti hədəf Çindir, sanksiyalarla gələcəkdə Çin də üzləşə bilər. Digər tərəfdən, Rusiya ilə münasibətləri dayandırmadıqları təqdirdə, ABŞ tərəfindən üzləşəcəkləri riskləri də nəzərə alırlar. Təsadüfi deyil ki, ABŞ artıq Çinə narahatçılığı barədə xəbərdar edib və Qərbin tərəfini tutmayacağı təqdirdə cəzalanacağı ilə hədələyib".

Politoloq bildirib ki, bundan əvvəl, martın 14-də Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan Romada ÇKP Siyasi Bürosunun üzvü Yang Jiechi ilə nə az- nə çox düz yeddi saatlıq görüş keçirdi: "Söhbət zamanı ABŞ-ın tələbləri və tələblərin yerinə yetirilməməsi təqdirdə Pekini gözləyən problemlər haqqında xəbərdarlıq edilib".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az