📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Çin Si Cinpinin iddialarının, ambitsiyalarının qurbanı ola bilər" - XAQANİ CƏFƏRLİ

2023-08-11 11:46:00

"Çinə qarşı iqtisadi müharibənin nəticələri Rusiyanın hərbi məğlubiyyətinin nəticələrindən daha qorxunc ola, yüz milyonlarla insan acından ölmə təhlükəsi ilə üzləşə bilər"

"Rusiya Putinin dünya lideri olmaq xəyalının qurbanı olduğu kimi, Çin də Si Cinpinin iddialarının, ambitsiyalarının qurbanı ola bilər. ABŞ-la sərfəli iqtisadi münasibətlər nəticəsində yoxsul ölkədən dünyanın ikinci ən böyük iqtisadiyyatına çevrilən Çin indi əks proseslə üzləşə bilər". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Politoloqun qənaətincə, Si Cinpinin ABŞ-a meydan oxumaq cəhdləri cəhənnəmin qapılarını aça bilər: "Ötən ay Çinin ixracı illik müqayisədə 14.5 faiz azalaraq 281.76 milyard dollar təşkil edib. Bunun əsas səbəbi ABŞ-a və Avropa İttifaqı ölkələrinə ixracın kəskin azalmasıdır. Belə ki, ötən ay Çindən ABŞ-a müxtəlif mal və məhsulların ixracı 23.1 faiz, Avropa İttifaqı ölkələrinə isə 20.6 faiz azalıb. Əgər bu hal davamlı prosesə çevrilsə “Çin möcüzəsi”ni Çin fəlakəti əvəz edəcək. Sinin hakimiyyətin yenilənmə yolu ilə yeni iqtidara ötürülməsi (1992, 2002, 2012) ənənəsindən və Den Syaopinin siyasi kursundan uzaqlaşaraq ömürlük hakimiyyət niyyətinə düşməsi, ən əsası Qərbə yönəlik siyasətdə təcavüzkar davranması Qərb ölkələrini Çinlə iqtisadi münasibətlərinə yenidən baxmağa vadar edib. Bunun ilkin nəticələri isə Çin üçün qorxuncdur".

Xaqani Cəfərlinin fikrincə, Çinə qarşı iqtisadi müharibənin nəticələri Rusiyanın hərbi məğlubiyyətinin nəticələrindən daha qorxunc ola, yüz milyonlarla insan acından ölmə təhlükəsi ilə üzləşə bilər: "Bu qorxunc ehtimalın isə gündəmə gəlməsinin əsas səbəbi Sinin bağırmaq siyasətinə üstünlük verməsidir. Görünür ki, Pekində böyük aclıq illərini və Çində həyat normasına çevrilən kannibalizmi unudublar".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az