Çində süni ət istehsal edən zavod işə düşdü
Şanxayda yerləşən “CellX” kompaniyası süni ət istehsalı üçün pilot zavod işə salıb. Hesab edilir ki, bu Çinə ərzaq təhlükəsizliyini təmin etməyə və beynəlxalq bazara çıxmağa kömək edəcək.
Becərilmiş ət istehsalı zavodunda 2 min litr həcmli bioreaktor var. Vaxt keçdikcə avadanlıqların sayı artacaq və yüksək keyfiyyəti qorumaqla istehsalın maya dəyəri kiloqramı 100 dollardan aşağı düşəcək.
"Bu pilot istehsaldan çıxarılan təcrübə 2025-ci ilə qədər tamamlamağı planlaşdırdığımız və ildə yüzlərlə ton məhsul istehsal edə biləcək kommersiya istehsalat obyektimiz üçün istifadə ediləcək", deyə “CellX”in baş direktoru Yan Szilian açıqlayıb.
Onun sözlərinə görə, bu ilin sonunda “CellX” ABŞ və Sinqapura süni ətin satışına icazə almaq üçün müraciət edəcək. Bu günə qədər yalnız bu ölkələr laboratoriyada yetişdirilən ətin satışını təsdiqləyib. Çin şirkəti 2025-ci ilə qədər beynəlxalq bazara çıxmağı planlaşdırır.
Çin 1,4 milyard insanın ərzaq təhlükəsizliyini təmin etmək üçün heyvani protein mənbəyi tapmaq problemi ilə üz-üzədir.
2022-ci ilin yanvar ayında Çin Kənd Təsərrüfatı Nazirliyi beş illik kənd təsərrüfatı planını dərc etdi. Həmin vaxt sənəddə ilk olaraq müxtəlif innovativ məhsullar qeyd olunurdu ki, onların arasında süni ət də var idi.
Ülviyyə, Hurriyyet.az