📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çindən açıqlama: “Hindistan ölkəmizin suverenliyini pozub”

2023-04-11 16:43:00

Çindən açıqlama: “Hindistan ölkəmizin suverenliyini pozub”

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Çin Hindistan məmurlarını ölkənin suverenliyini pozmaqda ittiham edib.

ÇXR Hindistanın Daxili İşlər nazirinin Çinin Cənubi-Tibet rayonuna səfərini pisləyib. Bu barədə bəyanatı Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Van Venbin verib. Açıqlamada deyilir: “Cənubi Tibet ÇXR-in ərazisidir. Yüksək vəzifəli Hindistan məmurlarının həmin regiondakı fəaliyyəti Çinin suverenliyini və ərazi bütövlüyünü pozur və sərhəd rayonlarda sülhə və sabitliyə əngəl törədir. Çin qətiyyətlə bu addımların əleyhinə çıxış edir”.

Bundan əvvəl yayılan xəbərlərdə bildirilmişdi ki, Hindistanın Daxili İşlər naziri Amit Şah 10-11 aprel tarixlərində Pekinin mübahisəli ərazi hesab elədiyi Arunaçal Pradeş ştatına səfərə hazırlaşır.

Hindistan ilə Çinin arasında Himalay ərazisində demarkasiya edilmiş sərhədin olmaması (iki ölkəni faktiki nəzarət xətti ayırır) onillər ərzində gərginlik ocağı olaraq qalır.

1959-cu ildə Hindistan Arunaçal Pradeş ştatının bir hissəsinin Çin tərəfindən zorla ondan qoparıldığını bəyan etmişdi. 1962-ci ildə isə silahlı münaqişə baş vermiş, nəticədə Hindistana məxsus Ladax və Aksayçin rayonlarının 38 min kvadrat kilometrə qədər ərazisi Çinin nəzarəti altına keçmişdi.

Hürr Tərcüman