Çinin dövlət başçısı Si Cinpin Britaniyaya səsləndi: “Folklend adalarını qaytarın”
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Çin ilə Böyük Britaniya arasında Folklend adaları ilə bağlı gərginlik yaranıb. Çin Xalq Respublikasının Sədri Si Cinpin Argentina Prezidenti Alberto Fernandes ilə görüşü zamanı Böyük Britaniyaya üz tutaraq adalara nəzarət eləmək hüququnun Argentinaya geri qaytarılmasını tələb edib. İngiltərə isə “adaların suverenliyi ilə bağlı mübahisələri rədd edirik” deyə açıqlama verib. Britaniyanın Xarici İşlər naziri Liz Trass Si Cinpinin tələbinə sosial şəbəkə vasitəsi ilə cavab verib: “Folklend adaları Britaniya ailəsinin bir parçasıdır və onun sakinlərinin öz müqəddəratlarını təyin eləmək hüququnu müdafiə edəcəyik. Çin Folklendin suverenliyinə hörmətlə yanaşmalıdır”.
Argentina Prezidenti Alberto Fernandes də Pekində keçirilən görüş zamanı Çinin Tayvana qarşı iddiasını haqlı hesab elədiyini bəyan edib.
Argentina Malvin adaları adlandırdığı arxipelaqı özünə qaytarmaq üçün uzun illərdik ki, ciddi cəhdlər göstərir. BMT-nin Baş Məclisi 1965-ci ildə qəbul etdiyi qətnamədə mübahisənin dinc yolla həllini tapmağa çağırıb. 1982-ci ildə isə Argentina məsələni hərbi yolla həll etmək qərarına gəlir və adaya ordu çıxarılır. Bu zaman iki dövlət arasında müharibə başlayır. “Dəmir ledi” Marqaret Tetçerin başçılıq etdiyi o vaxtkı Böyük Britaniya hökuməti ən yaxın müttəfiqi ABŞ-ın hərbi və siyasi dəstəyi ilə Argentinanı ağır məğlubiyyətə düçar edir. İki aya yaxın davam edən müharibədə 649 argentinalı və 255 britaniyalı həlak olur.
Hürr Tərcüman