"Çinlə Rusiya arasında fikirayrılığı gələcəkdə daha da artacaq" - KƏNAN NOVRUZOV
"Rusiya öz ictimaiyyətinə qələbə kimi təqdim edə biləcək nəticə istəyir, bu isə o deməkdir ki, Kreml Ukrayna torpaqlarının heç olmasa bir hissəsini öz nəzarətində saxlamalıdır"
"ABŞ-ın Müharibə Araşdırmaları İnstitundan bildirilib ki, Çin və Rusiya arasında Ukraynadakı müharibə ilə bağlı ziddiyyətlər yaranıb. Məlumata görə, avqustun 7-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çin Kommunist Partiyasının Xarici İşlər üzrə Mərkəzi Komissiya Ofisinin direktoru Vanq Yi arasında aparılan danışıqlar göstərir ki, müharibəni dayandırmaq üçün təklif olunan nizamlamalar məsələsində Moskva ilə Pekin arasında getdikcə fikir ayrılıqları yaranır". Hurriyyet.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov bildirib.
Ekspertin sözlərinə görə, amerikalı analitiklərin fikrincə, Rusiya ilə Çin arasında fikir ayrılıqlarının yaranması gözlənilən olub: "Məlumdur ki, Çin Ukraynadakı müharibədə Rusiyaya qarşı sanksiyalara qoşulmayan, hətta zaman-zaman Rusiyanı müdafiə edən nadir ölkələrdəndir. Bunu əsas səbəbi Pekinlə Moskvanın bəzi ortaq maraqları və eyni Qərb təhlükəsidir. Ümumiyyətlə, əvvəl də dediyimiz kimi, hazırda müharibə Şərqlə Qərb arasında gedir. Belə olan halda rəsmi Pekinin Ukraynadakı müharibəyə neytral yanaşmağa çalışması və dediyimiz kimi Rusiyanı dəstəkləməsi gözləniləndir. Amma görünür, Çin də tərəddüd edir. Sülhlə bağlı Rusiyanın konkret mövqeyi hələ ki, açıqlanmayıb. Məsələn, rəsmi Kiyevə görə müharibə Ukrayna torpaqlarının, o cümlədən Krımın azad olunmasından sonra mümkündür. Moskva isə hələ bu barədə konkret mövqe ortaya qoymayıb".
Kənan Novruzov əlavə edib ki, Rusiya öz ictimaiyyətinə qələbə kimi təqdim edə biləcək nəticə istəyir: "Bu isə o deməkdir ki, Rusiya Ukrayna torpaqlarının heç olmasa bir hissəsini öz nəzarətində saxlamalıdır. Ancaq Ukrayna buna razı deyil. Bu, onu deməyə əsas verir ki, üfüqdə sülh görünmür. Çinin Rusiyaya dəstəyinin artması Qərblə gərginliyin şiddətlənməsi deməkdir. Odur ki, ola bilsin, Pekin Moskvanın sülhlə bağlı mövqeyini dəstəkləmək istəmir. Çinin Rusiyanı güzəştə getməyə çağırması istisna deyil. Ehtimal var ki, Çinlə Rusiya arasında fikirayrılığı gələcəkdə daha da artacaq. Perspektivdəki təmaslar, o cümlədən gizli danışıqlar zamanı rəsmi Pekinin Moskvanı güzəştlərə razı salmağa çalışması istisna deyil".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az