📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Çıxarışı olmayan evlərə qaz verilməyəcək?

2026-11-17 18:15:22

Çıxarışı olmayan evlərə qaz verilməyəcək?

Azərbaycanda bəzi vətəndaşlar yaşadıqları evlərin və ya torpaq sahələrinin mülkiyyət sənədləri olmadığı üçün kommunal xidmətlərdən istifadə zamanı çətinliklərlə üzləşirlər. Xüsusilə çıxarışı olmayan evlərə təbii qazın verilib-verilməməsi məsələsi müzakirə mövzusuna çevrilir.

Bəs torpaq sahəsinin və tikilinin çıxarışı olmadıqda vətəndaşın qaz təminatından yararlanması mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, təbii qazın verilməsi üçün tələb olunan əsas sənədlərdən biri torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışdır.

Onun sözlərinə görə, yalnız torpaq sahəsinə deyil, həmin ərazidə inşa edilmiş binaya və ya tikiliyə dair müvafiq dövlət qeydiyyatının olması da tələb olunur.

Hüquqşünas qeyd edib ki, vətəndaşın torpaq sahəsi və tikili ilə bağlı müvafiq sənədləri olmadıqda, “Azəriqaz” tərəfindən həmin ünvana qaz verilməsi nəzərdə tutulmur.

Beləliklə, mülkiyyət hüququnu təsdiq edən sənədlərin olmaması vətəndaşın təbii qazla təminatında ciddi maneəyə çevrilə bilər.