📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Çıxılmaz vəziyyətdə qalan Araik Arutyunyan Rusiya və Qərbdən əlini üzüb"

2023-08-08 11:21:00

Elxan Şahinoğlu: "Bəli, onun da dediyi kimi Azərbaycanın məqsədi Qarabağda separatçılığa son qoymaq və bölgəni qanunlarımıza tabe etdirməkdir"

Asif Nərimanlı: "Erməni separatçıları ümidlərini hələ itirməyiblər, beynəlxalq ictimaiyyətdən dəstək gözləyirlər, lakin Rusiyadan da, Qərbən də, Ermənistandan da artıq əllərini üzüblər"

Nazim Cəfərsoy: "Qarabağdakı ermənilərin və Ermənistanın mövcud durumu hərbi, siyasi, iqtisadi, mədəni, xüsusilə də demoqrafik və ideoloji, ümumilikdə strateji baxımdan sürdürülə biləcək vəziyyətdə deyil"

Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsində yerləşən rus sülhməramlıların məsuliyyət zonasındakı separatçı-terrorçu dəstənin başçısı Araik Arutyunyan bugünlərdə erməni mətbuatına müsahibə verib. O bildirib ki, Qarabağda istənilən həyati əhəmiyyətli qərar konsensus əsasında olmalıdır: "Bakı bizi ittiham edir ki, xalq (Qarabağdakı erməni icmasını nəzərdə tutur - red.) başqa fikirdədir, biz müdaxilə edirik. Ermənistanda da siyasi qüvvələr var ki, bizi Azərbaycan siyasətini aparmaqda ittiham etməyə çalışırlar. Bizim üçün hər iki tərəfin məqsədi eynidir: "artsax hakimiyyətini" dağıtmaq, "artsaxda" mövcud olan institutları məhv etmək. Qarabağda istənilən həyati əhəmiyyətli qərar konsensus əsasında olmalıdır. Bugünkü müsahibəmin məqsədlərindən biri "artsax xalqı"na çatdırmaq, onları əmin etməkdir ki, "artsaxın gələcəyi", onun həyati maraqları və "öz müqəddəratını təyinetmə hüququmuz"la bağlı hər hansı qərar konsensus əsasında veriləcək. Bugünlərdə geniş müzakirələr apardım və davam etdirəcəyəm. Hansı qərar qəbul olunsa, bu, "artsax xalqı"nın maraqlarına cavab verməli, onlar üçün başadüşülən və məqbul olmalıdır".

Rəsmi Bakı ilə dialoq məsələsinə də toxunan separatçı-terrorçu dəstənin başçısı Qərbin "üçüncü ölkədə" belə bir "dialoq" keçirməklə bağlı təklif verdiyini iddia edib. Arutyunyanın sözlərinə görə, bu təklifi qəbul ediblər, çünki "beynəlxalq formata" yaxın olub: "Ancaq Bakı belə bir formatdan imtina etdi. Bakının imtinasından sonra bu məsələ havadan asılı qalıb". Bundan başqa, "qida ehtiyatı görmədikləri barədə" səslənən ittihamları qəbul etməyən Arutyunyan bunun əsassız olduğunu qeyd edib: "Ola bilsin ki, bəzi hesablamalarda səhvə yol vermişik, bəlkə daha çox ehtiyat yığa bilərdik. Biz 6,5-7 aya işləmişik, istehsala lazım olan xammalın gətirilməsi istiqamətində çalışmışıq. Bu fəaliyyət nəticəsində hələ də müqavimət göstərmək, mübarizə aparmaq, ərzaqla təmin olunmaq imkanımız var. Yəni bu mənada ittihamlar əsassızdır".

"Erməni separatçılarının ümid etdikləri 9 noyabr 2020-ci il bəyanatı Azərbaycanı durduracaq gücdə deyil"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, İkinci Qarabağ müharibəsindən 3 ilə yaxın müddət keçsə də, Araik Arutyunyan vəziyyətdən çıxış yolu tapa bilmir və bu, mümkün də deyil, halqa onun üçün daralmaqdadır: "Separatçıların lideri Araik Arutyunyan İkinci Qarabağ müharibəsindən sonra "vəzifəsindən" istefa verib bölgəni tərk etməyə hazırlaşırdı. Ancaq Ermənistandakı və Rusiyadakı müxtəlif siyasi mərkəzlər ona "izah" etdilər ki, indi "istefa" verməsin, çünki bununla durum daha çox Azərbaycanın xeyrinə dəyişəcək. Üstündən 3 ilə yaxın müddət keçib, Araik Arutyunyan vəziyyətdən çıxış yolu tapa bilmir, bu mümkün də deyil, halqa onun üçün daralmaqdadır. Araik Arutyunyan qaçmaq istəsə Qarabağı ancaq Rusiya helikopterində tərk edə bilər. Araik Arutyunyanın Ağdam-Əsgəran yoluna daş düzməsi, binasının həyətində bir neçə gün çadırda etiraz etməsi və erməniləri avtobuslara doldurub Laçın sərhəd-keçid məntəqəsinə etiraza göndərməsi son "güllələridir". Ermənistandan əli üzülən Arutyunyan Rusiyadan Azərbaycana qarşı hərəkət gözləyir. Bunun qarşısını isə diplomatik kanallarla Bakı və Ankara almalıdır".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, erməni separatçılarının lideri Araik Arutyunyan Azərbaycanın düşməni olsa da, son müsahibəsində hazırkı reallıqları anladığı aydınlaşır: "Bəli, onun da dediyi kimi Azərbaycanın məqsədi Qarabağda separatçılığa son qoymaq və bölgəni Azərbaycanın qanunlarına tabe etdirməkdir. Bunun üçün bütün imkanlardan istifadə edilir və ediləcək. Separatçıların ümid etdikləri 9 noyabr 2020-ci il bəyanatı Azərbaycanı durduracaq gücdə deyil. Rusiya Ukraynada bataqlığın içərisindədir. Arutyunyan bunu da anlayıb. Separatçıların lideri çıxılmaz vəziyyətə düşdüklərini etiraf edib, Rusiya və Qərbdən əlini üzüb. Bu Azərbaycanın separatçılara qarşı təzyiq siyasətini artırmasının doğru olduğunu göstərir".

"Azərbaycan prezidenti İlham Əliyev "Zəngəzur dəhlizi və Laçın dəhlizi eyni rejimdə işləməlidir" deyəndə elə bilirmişlər ki, blef edir"

Araik Arutyunyanın müsahibəsinə dair mövqeyini bildirən siyasi şərhçi Asif Nərimanlı isə bu qənaətdədir ki, separatçı-terrorçu dəstənin geri çəkilmək, Bakının tələbləri ilə razılaşmaq fikirləri yoxdur: "Araik Arutyunyan günlərdir anonsunu etdiyi müsahibəsini verib və sözlərindən çıxan nəticə belədir ki, geri çəkilmək, Bakının tələbləri ilə razılaşmaq fikirləri yoxdur, amma nə edəcəklərini, yaxud edə biləcəklərini də deməyib. Ümidlərini hələ itirməyiblər, beynəlxalq ictimaiyyətdən dəstək gözləyirlər. Lakin Rusiyadan da, Qərbən də, Ermənistandan da artıq əllərini üzüblər. Araik Arutyunyan bildirir ki, Bakının Laçın yoluna post qura biləcəyini düşünmürmüşlər". Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev "Zəngəzur dəhlizi və Laçın dəhlizi eyni rejimdə işləməlidir" deyəndə elə bilirmişlər ki, blef edir: "İndi nə edəcəklərini özləri də bilmir. Əvvəl Brüssel görüşünə ümid etdilər, nəticə olmadı. Daha sonra Moskvada nəticə əldə olunacağını gözləyirdilər, o da olmadı. İndi BMT Təhlükəsizlik Şurasının onları xilas edə biləcəyini ümid edirlər".

"Rusiya, Qərb və İran bu prosesdə öz marağını güddüyü üçün qazanan və çox daha geniş imkanlara malik tərəf olan Azərbaycandan daha çox fayda təmin etməyə çalışırlar"

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoy isə hesab edir ki, Qarabağdakı ermənilərin və Ermənistanın mövcud durumu hərbi, siyasi, iqtisadi, mədəni, xüsusilə də demoqrafik və ideoloji, ümumilikdə strateji baxımdan sürdürülə biləcək vəziyyətdə deyil: "Bunu həm Paşinyan hakimiyyəti, həm Rusiya, həm Qərb, həm də İran dövlət mexanizmləri görürlər. Sadəcə, hərəsi bu prosesdə öz marağını güddüyü üçün qazanan və çox daha geniş imkanlara malik tərəf olan Azərbaycandan daha çox fayda təmin etməyə çalışırlar. Ermənistanın isə onsuz da verə biləcəyi bir şeyi qalmayıb, çünki hamısını Rusiya ilə İrana paylayıb. Qərbə verəcəkləri də ciddi geosiyasi risklər yaradacaq. Bu isə bizə ciddi fürsətlər yaradır. ABŞ və Fransa kimi ölkələrdəki diasporanın istəkləri isə yerli siyasətçilərə seçkilərdə dəstək və Azərbaycanla müzakirələrdə güzəşt almaq üçün onlara lazım olur".

Politoloq onu da bildirib ki, son dövrlərdə xüsusilə avropalı rəsmi qurumların rəhbərləri səviyyəsində Qarabağ mövzusunda erməni ritorikası ilə Azərbaycanı günahdırmaların sayı çox güclənib: "Çox təəssüf ki, bu istiqamətdə Azərbaycan diplomatiyası da bəyanat yayımlamaqdan başqa fəaliyyət göstərmir. Fikrimcə, Azərbaycan rəsmiləri bu cür erməni narrativin güclü olduğu ritorikanın Avropa qurumlarının tərəfsizlik və obyektivliyinə ciddi kölgə düşürdüyünü elan edərək, arada Avropa mərkəzli görüşlərdən imtina etməlidirlər. Qoy, regionda sülh istəyən və Rusiyanı bölgədən çıxarmaq istəyən avropalılar daha obyektiv davranmağı öyrənsinlər, Şarl Mişel də zəhmət çəksin onlara bunu başa salsın. Beləcə, Qərb dairələrinin erməni narrativi ilə hərəkət etməsini mühüm ölçüdə azaltmaq olar".

Siyasi elmlər üzrə fəlsəfə doktorunun fikrincə, eyni üsulu vasitəçilik missiyası həyata keçirən Rusiya və ABŞ üçün də istifadə etmək olar: "Bu arada, Ermənistanın təbliğat kampaniyasında aktiv yer alan xarici diplomatların təmsil etdiyi ölkələrin Azərbaycandakı diplomatik missiyalarını biz də öz tərəfimizdən prosesə fəal cəlb etməliyik. Əgər onlar buna müsbət cavab verməsələr, o zaman onları rəsmi tədbirlərə dəvət etməmək, görüş istəklərinə cavab verməmək, resepsiyonlarında iştirak etməmək, rəsmi bayramlarını təbrik etməyərək reaksiya göstərmək, şirkətlərini tenderlərə buraxmamaq, ölkədəki şirkətlərini daha ciddi maliyyə nəzarətinə götürmək və s. tədbirlər həyata keçirmək faydalı olar".

Vazeh BƏHRAMOĞLU