CNN: “İran dronları Qərb texnologiyası əsasında hazırlanıb”
Hurriyyet.az xəbər verir ki, CNN kanalı Rusiyanın Ukraynaya zərbələr endirmək üçün istifadə elədiyi İran dronlarının Qərb texnologiyaları əsasında hazırlandığını bildirib.
Britaniyanın silah hissələrinin tədqiqatı ilə məşğul olan “Conflict Armament Research” şirkəti “Şahed-136” silahlarının İranın demək olar ki, 20 il bundan əvvəl qanunsuz şəkildə aldığı alman texnologiyasına əsaslanan mühərriklə təmin olunduğunu aşkar edib.
İranın “Şahed” dronlarında “Mado” şirkətinin mühərrikindən istifadə olunur. Bu mühərrik 2006-cı ildə İranın Almaniyanın “Limbach Flugmotoren” şirkətinin dronlar üçün mühərriklərini aldıqdan sonra hazırlandığı iddia edilir.
Bunun Qərb texnologiyasının yeganə “kopiyası” olmadığı deyilir. 2020-ci ildə İranın “Qüds-1” raketlərin Çexiyanın “PBS Velká Bíteš” şirkətinin istehsalı olan “TJ-100” mühərrikinin surətindən istifadə edildiyi bəyan edilmişdi.
Kanalın açıqlamasında deyilir: “Bu, İranın qeyri-qanuni yolla əldə elədiyi hərbi texnologiyadan incəliklə istifadə edə bilmək bacarığını göstərir”.
Rusiyanın Ukrayna ilə döyüş meydanında ələ keçirilən xarici silah və texnikanı İrana ötürə biləcəyi ehtimalı Qərbdə narahatlıq doğurur.
Hürr Tərcüman