📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Conson baş nazir postuna namizəd olmaqdan imtina edib

2022-10-24 12:53:00

Conson baş nazir postuna namizəd olmaqdan imtina edib

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Liz Trussun istefasından sonra hakim Mühafizəkarlar Partiyasının lideri və hökumət başçısı postlarına namizəd olmayacağını bildirib.

Hurriyyet.az xəbər verir ki, bunu Conson bazar günü axşam yaydığı bəyanatda qeyd edib.

"Düşünürəm ki, mənim Mühafizəkarlar Partiyasını 2024-cü il ümumi seçkilərdə qələbəyə çatdırmaq üçün yaxşı şansım var. Mühafizəkarlar Partiyasının üzvləri arasında keçirilən partiya seçkilərində uğur qazanmağım və 28 oktyabrda Dauninq-stritə qayıda biləcəyim üçün güclü ehtimal var. Amma son bir neçə gün ərzində təəssüf ki, bunun düzgün olmadığı qənaətinə gəldim”, - deyə bildirib.

Conson həmçinin vurğulayıb ki, o, 102 Mühafizəkar deputatın dəstəyini ala bilib və bununla əlaqədar olaraq o, rəsmi olaraq baş nazirliyə namizəd olmaq imkanı əldə edib.

Eyni zamanda o, baş nazirliyə digər namizədlərlə - Maliyyə Nazirliyinin keçmiş rəhbəri Rişi Sunak və Britaniya parlamentinin İcmalar Palatasının rəhbəri Penni Mordauntla əlaqə saxladığını bildirib. Consonun sözlərinə görə, o, milli maraqlar çərçivəsində birgə iş barədə razılığa gəlmək istəyib, lakin tərəflər ortaq məxrəcə gələ bilməyib.

“Beləliklə, qorxuram ki, ən yaxşı seçim mənim namizədliyimi irəli sürməmək və son qalibə dəstək ifadə etmək olardı. Düşünürəm ki, təklif edə biləcəyim çox şey var, amma qorxuram ki, bu, sadəcə doğru zaman deyil", - deyə keçmiş baş nazir bildirib.

Consonun seçkidə iştirakdan imtina etməsindən sonra yarışda yalnız Sunak və Mordaunt qalıb. Keçmiş maliyyə naziri, müxtəlif hesablamalara görə, demək olar ki, 150 deputatın dəstəyini qazandı, Mordaunt isə hətta 30 səsə sahib deyil.

Bu o deməkdir ki, Sunak bazar ertəsi Mühafizəkarlar Partiyasının yeni rəhbəri seçilə bilər.Beləliklə, müəyyən edilmiş qaydalara əsasən, o, elə ertəsi gün, oktyabrın 25-də Böyük Britaniyanın Baş naziri ola bilər.

bizimyol.info