"Covid 19 bəhanəsiylə vəkillik fəaliyyətinə süni mane yaradılır" - ANAR QASIMLI
"Bundan sonra istintaq təcridxanasına gedəndə özümüzlə ekspres test alıb aparmalıyıq, bu isə tamamilə qanunsuz tələbdir və vəkillərin fəaliyyətinə əsassız müdaxilədir, maneçilik yaratmaqdır"
"Bu gün (dünən-red.) müvəkkillərimlə görüşmək üçün Şüvəlanda yerləşən 3 saylı İstintaq Təcridxanasına getmişdim. Təcridxanaya buraxılış vərəqəsi almaq üçün sənədlərimi təqdim etdiyim əməkdaş bildirdi ki, yeni qaydaya görə, vəkillər və müstəntiqlər ekspres Covid 19 testi vermədən içəri buraxılmırlar. Bildirdim ki, problem yoxdur, buyurun test götürün". Hurriyyet.az xəbər verir ki, bu fikirlər tanınmış vəkil Anar Qasımlıya məxsusdur.
Vəkilin sözlərinə görə, bu zaman bəlli olub ki, o, gedib yaxınlıqdakı aptekdən ekspres test alıb gəlməli və bundan sonra təcridxanadan həkim test götürməlidir: "Yəni, testi öz puluma almalıyam. Vaxt məhdudiyyətinə görə etiraz etmək fikrindən daşındım və aptekdən 16 manat 50 qəpiyə test aldım, yoxladılar, neqativ çıxdım və içəri buraxıldım. Neqativ çıxdım, amma "ne prav" çıxmaq istəmirəm. Ona görə də bu kiçik yazımla səlahiyyət sahiblərinin diqqətinə pozitiv mesajlarımı çatdırıram. Deməli, bundan sonra istintaq təcridxanasına gedəndə özümüzlə ekspres test alıb aparmalıyıq".
Anar Qasımlı hesab edir ki, bu, tamamilə qanunsuz tələbdir və vəkillərin fəaliyyətinə əsassız müdaxilədir, maneçilik yaratmaqdır: "Nəyə görə? Birincisi, pandemiya ilə əlaqədar məhdudiyyətləri tətbiq etmək səlahiyyəti Operativ Qərargaha aiddir və onun belə bir qərarı yoxdur. İkincisi, bu tələb yalnız vəkil və müstəntiqlərə aiddir, təqsirləndirilən şəxslərin yaxınları onlarla görüşə gedərkən onlardan ekspres test tələb olunmur. Üçüncüsü, ekspres test verərək təcridxanaya keçmiş vəkillə təmasda olan təcridxana əməkdaşlarına və vəkillərin görüşdüyü təqsirləndirilən şəxslərə münasibətdə də belə tələb yoxdur. Yəni, onlar ekspres testdən keçmədən bizimlə təmasda olurlar. Bu isə vəkillər üçün həyati təhlükədir. Dördüncüsü, inanmıram ki, müstəntiqlərə qarşı belə sərt tələb olsun. Orda olduğum müddətdə hər hansı bir müstəntiq təcridxanaya daxil olmaq üçün müraciət etmədiyindən, bu barədə hələlik qəti fikir bildirmirəm, sadəcə, ehtimal edirəm ki, bu yalnız vəkillərə qarşı süni maneədir".
Onun fikrincə, test tələb edən orqan zəhmət çəkib testi öz hesabına, dövlət hesabına təşkil etməlidir: "Vəkil aptekləri gəzib test axtarmalı və buna görə şəxsi vəsaitini xərcləməli deyil. Vəkilə göstərdiyi hüquqi yardımın 1 saatına görə 6 manat ödəyən dövlət ondan cibindən 16 manat xərcləməyi tələb edə bilməz. Siyahını çox uzatmaq olar. Amma məqsədimiz bu deyil. Problem var və bu dərhal aradan qaldırılmalıdır. Əks halda, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququndan danışmaq olmaz. Hesab edirəm ki, bu çıxış yolu deyil, görüntü xarakterlidir. Türmələrdə Covid 19-un yayılmasının qarşısını almaq üçün başqa səmərəli yollar axtarılıb tapılmalıdır. Maraqlanan olsa, təkliflərimizi verə bilərik".
Vazeh BƏHRAMOĞLU
Hurriyyet.az