CÜDO ÜZRƏ AZƏRBAYCAN KUBOKUNDA BİABIRÇILIQ - Tofiq Məmmədovun haqqı yeyildi, Elnur Məmmədli göz yumdu
Noyabrda Cüdo Federasiyasında rəhbərlik dəyişsə də, görünür, köhnə funksionerlərin qoyduğu qayda-qanunları dəyişmək üçün xeyli vaxt tələb olunacaq. Federasiyanın yeni prezidenti, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vaxtında sabiq rəhbərliyin adamlarını federasiyadan uzaqlaşdırmasa, cüdoda heç bir tərəqqi olmayacaq, bu idman növünün vəziyyəti daha da pisləşəcək.
Bu günlərdə cüdo üzrə Azərbaycan Kuboku keçirilib. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində təşkil olunan turnirdə yaşananlar cüdo camiəsində hələ də müzakirə olunur. Yarışı canlı izləyən mənbəmizin sözlərinə görə, 66 kq-da 1/4 final mərhələsində gənclər arasında dünya ikincisi Tofiq Məmmədov sona saniyələr qalmış rəqibinə qarşı ippon fəndi işlədib təmiz qələbə qazansa da, beynəlxalq dərəcəli hakim Mətin Rəhimli ipponu qeyd almayıb.
.jpg)
Mətin Rəhimli
Mənbəmizin dediklərinə inansaq, maraqlıdı ki, Rəhimli ilk qərarında Tofiqin təmiz qələbə qazandığını bildirib. Ancaq nədənsə, sonradan fikrindən daşınıb. Və köməkçi hakim Arzu Acalovanın orda ipponun olmadığını söylədiyinə görə qərarını dəyişdiyini açıqlayıb. Halbuki millinin məşqçiləri belə Məmmədovun ipponla qələbə qazandığını bildiriblər. Bu yerdə bir sual yerinə düşər. Son qərarı köməkçi verirsə, Mətin bəyin baş hakim kimi tatamiyə çıxmasına nə ehtiyac var idi?
.jpg)
Tofiq Məmmədov
Yeri gəlmişkən onu da bildirək ki, hamı İbrahimovu federasiyanın sabiq vitse-prezidenti Sadıq Sadıqovun “qulu” kimi tanıyır. Söylənilənlərə inansaq, Sadıq Sadıqova arxalanan, hər yerdə özünü vitse-prezidentin adamı kimi təqdim edən Mətin bəydən camiədə narazıların sayı yetərincədir. O, bilə-bilə ki, yeni rəhbərliyin gəlişindən sonra hakimlikdən uzaqlaşdırlacaq, sonda da pisliyindən əl çəkmək istəmir.
.jpg)
Sadıq Sadıqov
Çox maraqlıdır ki, Məmmədovun təsəlliverici görüşündə də hakimlər adını yuxarıda qeyd etdiyimiz cütlük olub. Görüş qızıl xala gedərkən, sona iki saniyə qalmış hər iki cüdoçunun passivində iki şido, yəni iki cərimə xalı olduğu halda, “ədalət təmsilçisi” Məmmədova daha bir şido verməklə onun məğlubiyyətini rəsmiləşdirib.
Görüşdən sonra Tofiqin məşqçilərinə deyilib ki, hakimlikdən narazılığınız varsa, apellyasiya şikayəti verə bilərsiz. Apellyasiya Komitəsi şikayətə baxıb, sonradan qərar çıxara bilər. Ancaq çox maraqlıdır ki, şikayət yarış başa çatandan 3 gün sonra icraata götürülür. Belədə isə cüdoçunun haqqı yeyilmiş olur.
Ən təəccüblüsü isə odur ki, bütün bunlar olimpiya çempionu, federasiyanın vitse-prezidenti, vaxtilə hamının çox hörmətlə yanaşdığı Elnur Məmmədlinin gözü qarşsında baş verib. Ancaq nədənsə, Elnur bəy də biabırçılığa müdaxilə etməyib. Və sonda həmin çəkidə ölkə kubokunun qalibi Məmmədlinin bacısıoğlu Kəramət Hüseynov olub.
.jpg)
Elnur Məmmədli
Ümid edirik ki, federasiyanın yeni prezidenti Rəşad Nəbiyev vaxtında kadr islahatı apararaq cüdonun inkişafının qarşısını almağa çalışan “mütəxəssisləri” qurumdan uzaqlaşdıracaq və uğurlu nailiyyətlər üçün doğru-dürüst çalışanları iş başına gətirəcək.
.jpg)
Rəşad Nəbiyev
P.S. Xatırladaq ki, Tofiq Məmmədov “Futbol+” qəzetinin sahibi, "Hürriyyət"in baş redaktoru Vüqar Məmmədovun oğludur. Zaman-zaman “Futbol+”də Cüdo Federasiyası ilə bağlı ifşaedici materiallar gedib. Görünür, məhz bu səbəbdən sabiq rəhbərlik və onların əlaltıları hələ də bunları unuda bilmirlər. Atasına yaxın düşə bilmədiklərindən, intiqamı oğlundan almağa çalışırlar. Bu günlərdə Sadıq Sadıqovun vitse-prezidentliyi dönəmində yığmada baş verən biabırçılıqlar, külli miqdarda maliyyə yeyintisi və başqa xoşagəlməz olaylar barədə araşdırma yazılar paylaşacağıq.
RƏŞAD